İsrailli politoloq: “Azərbaycan-İsrail münasibətləri kimlərdəsə ciddi narahatlıq yaradırsa, deməli, bu münasibətlər həqiqətən yaxşı inkişaf edir” - MÜSAHİBƏ

İsrailli politoloq: “Azərbaycan-İsrail münasibətləri kimlərdəsə ciddi narahatlıq yaradırsa, deməli, bu münasibətlər həqiqətən yaxşı inkişaf edir” - <span style="color: red;">MÜSAHİBƏ
# 26 aprel 2013 13:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. İsrailli politoloq Yuri Boçarovun APA-nın Moskva müxbirinə müsahibəsi.

- Azərbaycan xarici işlər nazirinin İsrailə səfərinin yekununu necə qiymətləndirirsiniz?

- Səfər birmənalı şəkildə yüksək səviyyədə keçdi. Adətən xarici işlər nazirini dövlətin üç yüksək vəzifəli şəxsi - prezident, baş nazir və parlamentin spikeri qəbul etmir. Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri şübhəsiz ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirməsi və inkişafı prosesində vacib addımlardan biri oldu. Ümid edirik ki, bu, konkret layihələr və işlərlə davam edəcək. İsraildə müvəqqəti olaraq xarici işlər naziri yoxdur. Bu vəzifəni hökumətin başçısı yerinə yetirir. Elmar Məmmədyarov İsrail xarici işlər nazirinin müavini Zeev Elkinlə, Knessetin Xarici əlaqələr və Müdafiə komitəsinin rəhbəri Aviqdor Libermanla görüşlər keçirdi. Bütün görüşlər dostluq və konstruktiv dialoq şəraitində keçdi. Bundan başqa Azərbaycan diasporunun və biznes dairələrinin nümayəndələri ilə də görüşlər oldu.

- Azərbaycan-İsrail münasibətləri İranı qıcıqlandıran amillərdən biridir. Elmar Məmmədyarovun bu səfəri də İranın Azərbaycan əleyhinə bəyanatlar verməsinə səbəb olacaq.

- Bizim üçün düşmənlərimizin nə deməsinin önəmi yoxdur. Bizim üçün ən başlıca məsələ dostlarımızın bizim haqqımızda nə düşünməsidir. Bir tərəfdən, əgər münasibətlərimiz kimlərisə belə güclü narahat edirsə, onda demək bu münasibətlər həqiqətən ciddi inkişaf edir. Digər tərəfdən isə, hesab edirəm ki, respublika rəhbərliyi heç kəsin təhdid və şantajına baxmayaraq, öz xarici siyasətini müstəqil həyata keçirir. Azərbaycan-İsrail münasibətləri həqiqətən yüksək səviyyəyə qalxıb. Elmar Məmmədyarov səfəri zamanı su təsərrüfatı və digər sahələrdə nəticə verən əməkdaşlığa görə İsrailə təşəkkürünü bildirdi. Mütəxəssislərin rəyinə görə, ölkələrimiz arasında telekommunikasiya və turizm sahəsində ciddi əməkdaşlıq mövcuddur. Əlbəttə ki, müdafiə sahəsində əməkdaşlığı da qeyd etmək lazımdır. Bundan başqa iki ölkənin Yaxın Şərq siyasəti, o cümlədən İranla bağlı mövqeyi Elmar Məmmədyarovun səfəri zamanı əsas müzakirə mövzularından biri olub. Bu müzakirələr barədə informasiyalar isə bağlı qapılar arxasında qalıb.

- İran parlamenti bu yaxınlarda 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin ləğv edilməsini gündəmə gətirib. Bunu necə şərh edərdiniz?

- İran beynəlxalq boykotun fonunda özünü qurban kimi göstərmək üçün müxtəlif PR aksiyalar keçirməyə ehtiyac duyur. Ərazilərinin bir hissəsini Rusiyanın xeyrinə itirmiş müqaviləyə yenidən baxmaqla İran göstərmək istəyir ki, o təcavüzün qurbanı olub. Bu siyasi oyunun hələ başlanğıcıdır. Belə ki, İran BMT-dən İkinci dünya müharibəsi zamanı ona dəymiş ziyana görə kompensasiya da tələb etmək niyyətindədir. İran prezidenti Mahmud Əhmədinejadin fikrincə, İkinci dünya müharibəsi zamanı üç ölkə - SSRİ, ABŞ və Böyük Britaniya İran ərazisindən və infrastrukturundan istifadə edib və ölkəyə ziyan vurublar. Əgər belə davam etsə, mümkündür ki, İran Yunanıstandan da kompensasiya tələb etsin. Belə ki Makedoniyalı İsgəndərin işğalları zamanı İran yunan sülaləsi olan Selevkilərin idarə etdiyi Parfiya imperiyasının (eramızdan əvvəl 248-ci ilə qədər) tərkibində olub. Selevkilərin dövründə əlbəttə ki İran bərbad vəziyyətə salınıb.

- 1915-ci il hadisələrinin İsrail tərəfindən “erməni soyqırımı” kimi tanınması nə dərəcədə mümkündür?

- Əgər bizim bir qisim deputatların mətbuatın diqqətini çəkmək üçün mövsümi fəallığını istisna etsək, onda bu məsələnin İsraildə müzakirə edilmədiyini demək olar. Türkiyə-İsrail münasibətlərinin pisləşməsi fonunda Türkiyəni cəzalandırmaq üçün “erməni soyqırımı”nın tanınması üçün bəzi məsuliyyətsiz çağırışlar olmuşdu. Lakin bu baş vermədi. Qeyd etmək istəyirəm ki, bizim siyasətçilərin əksəriyyəti məlum məsələ ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfini təəccübləndirirlər. İsrail dəfələrlə sübut edib ki, öz xarici siyasətini müstəqil qurur və strateji tərəfdaşlarının fikirlərini nəzərə alır.

- Elmar Məmmədyarovla görüşən İsrailin xarici işlər nazirinin müavini Zeev Elkin də daxil olmaqla bır sıra yüksək rütbəli İsrail siyasətçiləri 1915-ci ildə ermənilərin başına gələnlərin “soyqırımı” kimi tanımaqda israrlıdır...

- İsrail demokratik dövlətdir, burada dövlətin siyasəti ilə hər hansı siyasətçinin şəxsi mövqeyi üst-üstə düşməyə bilər. Birincisi, mən tamamilə əminəm ki, Zeev Elkinin xarici işlər nazirinin müavini kimi fəaliyyəti İsrailin xarici siyasət kursunun ruhu ilə tam uyğundur. Nəticə olaraq bizim XİN, o cümlədən Zeev Elkin əlindən gələni etdilər ki, Elmar Məmmədyarovun səfəri yüksək səviyyədə keçsin. Səfərin sonunda Zeev Elkin Azərbaycan xarici işlər nazirinin İsrailə tarixi səfərindən olduqca şad olduğunu söylədi: “Bu görüş onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə qalxacaq və biz keçmiş əməkdaşlığımızın çərçivəsini daha da genişləndirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR