Nazir: "Otuz uşaqda sümük iliyi transplantasiyası əməliyyatları icra olunub"

Nazir: "Otuz uşaqda sümük iliyi transplantasiyası əməliyyatları icra olunub"
# 17 iyun 2016 14:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Respublika Talassemiya Mərkəzində 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır. APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə keçirilən kollegiya iclasında bildirib ki, artıq 30 uşaqda yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatları icra olunub: “Çox sevindirici haldır ki, bu yaxınlarda ancaq yüksək nəticələr əldə etmiş ölkələrə təqdim olunan Avropa Donor Bankına üzvlük statusu Azərbaycan verilib. İrsi qan xəstəliklərinin profilaktikası baxımından böyük əhəmiyyət kəsb edən məsələ nikaha daxil olan hər kəsin tibbi müayinədən keçirilməsidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və talassemiyaya görə müayinə edilirlər. Bu tədbir həm adı çəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

Nazir vurğulayıb ki, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir, dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır. Onun sözlərinə görə, ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib: “Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq”.

Səhiyyə naziri dünyada problem olan şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına özünənəzarət aparatların, pompaların, həyati əhəmiyyətli dərmanların paylanmasından, habelə böyrək çatışmazlığından əziyyət çəkən insanların hətta bölgələrdə belə həftədə 3 dəfə dializ almaları üçün yaradılan şəraitdən danışıb. O bildirib ki, hazırda 26-sı bölgələrdə olmaqla 36 Dializ Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR