Əli Əhmədov: “AŞPA-nın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi düzgün deyil”

Əli Əhmədov: “AŞPA-nın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi düzgün deyil”
# 08 fevral 2013 11:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Heç bir beynəlxalq təşkilatın, o cümlədən AŞPA-nın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi düzgün deyil”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

AŞPA və digər beynəlxalq təşkilatlarla Azərbaycanın normal əməkdaşlıq etdiyini söyləyən Ə. Əhmədov bildirib ki, həmməruzəçilərin ölkənin daxili problemlərinə belə kobud şəkildə müdaxilə etməsi təqdirəlayiq hal deyil: “Azərbaycanın bir bölgəsində iğtişaş baş verib və bunu törədənlərlə bağlı araşdırmalar aparılıb. Bunun nəticəsində iğtişaşın törənməsində şübhəli bilinən şəxslər, o cümlədən, İlqar Məmmədov və Tofiq Yaqublu həbs olunub. İndi araşdırmalar nəticəsində onların bu iğtişaşda nə qədər günahkar olduqları aşkarlanacaq. Əgər təsdiq olunsa ki, onlar iğtişaşın törədilməsində günahkardırlar, o zaman buna hüquqi qiymət veriləcək. Təsdiq olunmasa, başqa reallıqlar ortaya çıxacaq”.

Ə. Əhmədovun sözlərinə görə, daxili hadisələrdə törədilən əməllərə hüquqi qiymət verilməsinə beynəlxalq təşkilatların etiraz etməsi ürəkaçan deyil: “Hər hansı bir dövlətin hansısa beynəlxalq təşkilata üzv olması onun hüququnun əlindən alınması demək deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR