Penitensiar Xidmət məhbuslara keyfiyyətsiz yeməklər verilməsi barədə məlumatlara münasibət bildirib

Penitensiar Xidmət məhbuslara keyfiyyətsiz yeməklər verilməsi barədə məlumatlara münasibət bildirib
# 14 mart 2013 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti Cəzaçəkmə Müəssisələrində məhbuslara keyfiyyətsiz yeməklər verilməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur: “Əvvəla, onu qeyd etməliyəm ki, bu gün cəzaçəkmə müəssisələrindəki yeməkxanaların hamısı müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilir və həmin yeməkxanalarda yüksək keyfiyyətli ərzaqlardan istifadə olunur. Yeməkxanalarda istifadə olunan ərzaqlar isə xüsusi şəraitdə saxlanılır. Həmçinin yeməkxanalarda çalışan aşpazlar isə müxtəlif treninqlərə cəlb edilirlər. Cəzaçəkmə müəssisələrində çalışan aşpazlara ölkənin ən yaxşı və təcrübəli aşpazları treninq keçir, onlar daha yaxşı və keyfiyyətli yeməklər hazırlamağı öyrənirlər”.

Qeyd edək ki, iki gün əvvəl bəzi KİV-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların qiyam qaldırması barədə məlumat yayılıb. Qiyama səbəb kimi isə məhbuslara keyfiyyətsiz yemək verilməsi göstərilib. Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyev isə 17 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatları təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR