Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə seçkilərə start verilib - FOTOSESSİYA

Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə seçkilərə start verilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2015 06:56 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Ölkənin hər yerində olduğu kimi, Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə səsvermə keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, adı çəkilən şəhər və rayonlarda fəaliyyət göstərən 5 seçki dairəsinin 203 seçki məntəqəsi səhər saat 08.00-da öz qapılarını seçicilərin üzünə açıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına əsasən bu şəhər və rayonlardakı 5 seçki dairəsi üzrə seçicilərin ümumi sayı 199 min 148 nəfərdir. Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Bölgə üzrə 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 2267 nəfər yerli, habelə beynəlxalq təşkilatlardan olan çoxlu sayda müşahidəçi izləyir. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələ bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.

88 saylı Göyçay dairə seçki komissiyasının sədri Eldəniz Həmidov APA-ya açıqlamasında dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 40 min 693 seçicinin qeydiyyata alındığını, onlardan 418-nin ilk dəfə səs verən gənclər olduğunu söyləyib. Məntəqələrin 5-də veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 478 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir. Seçicilərdən yaşı 80-dən yuxarı olanların sayı 60 nəfərdir ki, onlardan da 3-nün 100-dən yuxarı yaşı var. Ümumilikdə 60-a yaxın seçici yaşı və xəstəliyi ilə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyəcəyini bildirib və öz evində səs verməsi üçün daşınan qutunun göndərilməsi üçün seçki məntəqəsinə müraciət edib.

89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov APA-ya bildirib ki, 36 seçki məntəqəsi üzrə 38 min 447 seçici qeydiyyata alınıb. Seçki məntəqələrindən 18-i Ağdaşda, 18-i isə Göyçayda yerləşir. 12 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin 438 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsl və Şor Dəhnə kəndlərindəki 25 və 33 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.

90 saylı Ağdaş dairə seçki komissiyasının sədri Nurəddin Babayev APA-ya deyib ki, dairə üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 min 994 nəfərdir ki, onlardan 556-sı ilk dəfə səs verənlərdir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Yaşı 80-dən yuxarı olan 684 nəfər seçici var ki, onlardan 5-nin yaşı 100-dən yuxarıdır. Dairə üzrə 167 nəfər seçici daşınan qutunun evə gətirilməsi ilə bağlı seçki məntəqələrinə müraciət edib. 5, 20 və 37 saylı seçki məntəqələrdə “exit-poll” keçirilir.

47 saylı Mingəçevir dairə seçki komissiyasının sədri Oqtay Məmmədov bildirib ki, şəhərdə səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Dairə üzrə səsvermə 30 seçki məntəqəsində təşkil edilib. Seçki məntəqələrinin 12-də veb-kameralar quraşdırılıb. Qeydə alınmış 37 min 258 seçicinin 248 nəfəri bu gün ilk dəfə səs verəcək gənclərdir. Səsvermənin gedişini 317 nəfər yerli müşahidəçi izləyir.

116 saylı Qəbələ dairə seçki komissiyasının sədri Ramiz Əsədov APA-ya açıqlamasında dairə üzrə 54 seçki məntəqəsində 42 min 756 seçicinin qeydə alındığını, onlardan 645 nəfərinin ilk dəfə səs verən vətəndaşlar olduğunu söyləyib. Dairənin tərkibinə daxil olan seçki məntəqəsinin 10-da veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini 555 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR