Bakı-London aviabileti bahalaşa bilər

Bakı-London aviabileti bahalaşa bilər
# 13 fevral 2013 08:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın ən iri hava limanı olan «Hitrou» qarşıdakı 6 il ərzində aeroportda təyyarələrin enib-qalxması üçün yığımları 40% artırmaq niyyətindədir. Halbuki, Böyük Britaniyanın «British Airways» və «Virgin Atlantic» aviaşirkətləri «Hitrou» rəhbərliyini bu məsrəfləri aşağı salmağa çağırıb. Ehtimal var ki, aviaşirkətlər bu xərclərin yükünü sərnişinlərin üzərinə keçirəcək.

«APA-Economics»in «The Guardian»a istinadən verdiyi məlumata görə, məhz bu səbəbdən Londonun «Hitrou» aeroportuna uçan sərnişinlər bu istiqamətdə aviabiletlərin qiymətinin artmasına hazır olmalıdır. Yığımın növbəti 6 il ərzində 40% artması hesabına «Hitrou»nun rəhbərliyi hava limanının gücünün, o cümlədən «Terminal 2»nin inşasına və iri «Airbus A380» təyyarələri üçün yerin üstündə hərəkəti üçün tikilən zolaqlara yatırılan investisiyaların 3 mlrd. funt sterlinqi kompensasiya etmək niyyətindədir.

Yığımların artmasına dair son qərarın 2014-cü ilin yanvar ayında qəbul olunacağı gözlənilir.

«British Airways» şirkətinin nümayəndələrinin fikrincə, sözügedən tariflər həddən artıq yüksəkdir. Belə ki, son 10 il ərzində bu tariflər 3 dəfə artıb: «Nəzərə alsaq ki, gələn ildən başlayaraq «Hitrou» aeroportunun rəhbərliyi hava limanına yatırılan investisiyaları azaltmaq niyyətindədir, yaxın illərdə aeroport yığımları da əhəmiyyətli dərəcədə aşağı salınmalıdır». Əgər 2009-2014-cü illərdə «Hitrou» aeroportuna yatırılan investisiyaların həcmi 4 mlrd. funt təşkil edibsə, 2014-2019-cu illərdə hava limanına yatırılacaq investisiyaların 3 mlrd. funt olacağı gözlənilir.

«Virgin Atlantic» aviaşirkətinin hesablamalarına görə, 2019-cu ildə «Hitrou» aeroportunda yığımın məbləği 19,33 funtdan 27,30 funtadək artacaq.

Mütəxəssislərin fikrincə, bütün bunlar nəzərə alınmaqla, gələcəkdə Bakı-London aviareysinə biletlərin qiyməti arta bilər. Lakin ekspertlər yığımların artmasından sonra aviaşirkətlərin uçuşları Londonun digər aeroportuna, məsələn, Qetvik hava limanına yerinə yetirəcəyini istisna etmir. Belə ki, London istiqamətində uçuşlar kifayət qədər rəqabətlidir.

Qeyd edək ki, hazırda Bakıdan Dumanlı Albion paytaxtının «Hitrou» aeroportuna uçuşları «Azərbaycan Hava Yolları» (AZAL) və «British Airways» aviaşirkətləri yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR