Azərbaycanda bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanda bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı tədbirlər planı hazırlanıb
# 28 noyabr 2012 11:47 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Mərkəzi Bank (AMB) və Dünya Bankının (DB) birgə təşkilatçılığı ilə işə başlayan maliyyə sektorunda istehlakçıların müdafiəsi üzrə seminarda AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Əliyar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu planın həyata keçirilməsi ölkənin maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində ciddi irəliləyişlərə səbəb olacaq. Ə.Məmmədyarov bildirib ki, bu sahədə aparılan araşdırmalar göstərir ki, ortaya çıxan problemlərin əsas səbəbi istehlakçıların maliyyə xidmətləri barədə məlumatsızlığıdır. Ona görə də tədbirlər planında maliyyə xidmətləri barədə məlumatlandırma aspekti mühüm yer tutur. Qeyd edək ki, «İstehlakçı hüquqlarının müdafiəsi və maliyyə savadlılığı» Azərbaycanda Dünya Bankı və İsveçrənin SECO təşkilatının dəstəyi ilə həyata keçirilən Maliyyə sektorunun modernləşdirilməsi Layihəsinin ən mühüm komponentlərindən biridir.

Seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, Azərbaycanda maliyyə sektorunun inkişafı üçün görülən işlərdən ən mühümü istehlakçıların hüquqlarının müdafiəsidir: «Maliyyə xidmətlərini genişləndirən ölkə üçün bu məsələ çox vacibdir. İstehlakçılar maliyyə xidmətləri, onların çeşidi, onlardan götürə biləcəkləri faydalar barədə məlumatlanmalıdırlar. Yalnız bu halda onlar bu xidmətlərdən istifadə edəcəklər və onlara tələbat artacaq». Bank nümayəndəsi bildirib ki, maliyyə böhranı da göstərib ki, istehlakçıların müdafiəsi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual problemdir.

SECO təşkilatının regional nümayəndəsi Matias Feldman maliyyə xidmətləri bazarının sürətlə böyüdüyünü və bu sahədə istehlakçıların hüquqlarının müdafiəsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib: «Hər il dünya maliyyə xidmətləri bazarına 150 mln. yeni istehlakçı daxil olur. Bunlar əsasən inkişaf etməkdə olan ölkələrin hesabınadır. Eyni zamanda yeni maliyyə xidmətləri təqdim olunur». SECO nümayəndəsi bildirib ki, təşkilatın bu komponentə ayırdığı 1,3 mln. dollarlıq vəsait hesabına maliyyə xidmətlərinin yeni istehlakçıları ilə iş aparılması, kredit hesabatlığı sisteminin təkmilləşdirilməsi, statistik göstəricilərinin açıqlığının yüksəldilməsi nəzərdə tutulur.

Tədbirdə AMB-nin istehlakçı hüquqlarının müdafiəsi üzrə tədbirlər planı, sığorta sektorunda istehlakçı hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, kapital bazarlarında ictimaiyyətin məlumatlılığının artırılması, maliyyə savadlılığının yüksəldilməsi və s. mövzularda təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR