Toğrul Əsgərov: “Bakıda hiss etdim ki, Olimpiya çempionuyam” - MÜSAHİBƏ

Toğrul Əsgərov: “Bakıda hiss etdim ki, Olimpiya çempionuyam” - <font color=red>MÜSAHİBƏ</font>
# 15 avqust 2012 07:44 (UTC +04:00)
Azərbaycan güləşçisi, XXX Yay Olimpiya Oyunlarının qızıl medalçısı Toğrul Əsgərovun apasport.az saytına müsahibəsi

- Öncə çempionluq münasibətilə sizi təbrik edirik. Olimpiya Oyunlarında çıxışınızla bağlı fikirləriniz maraqlıdır…
- Sevincimin həddi-hüdudu yoxdur. Çox sağ olun ki, bizə belə diqqət göstərirsiniz. İnşallah, bundan da yaxşı nəticələr olar. Avropa və olimpiya çempionu oldum, çalışacağam ki, böyüklər arasında dünya çempionu tituluna da yiyələnəm. Növbəti Olimpiadada bu uğurumu təkrarlamaq istəyirəm. Hər bir idmançı kimi, mənim də arzum Olimpiya çempionu olmaq idi. Allaha çox şükür ki, arzuma çatdım və çox xoşbəxtəm.

- Olimpiya çempionu kimi Vətənə qayıtdıqda hansı hissləri keçirirsiniz?
- Bakıya qayıtdıq, sizləri gördüm, indi hiss etdim ki, olimpiya çempionuyam. Bunu indiyə qədər dərk etmirdim.

- 19 yaşda olimpiya çempionu olmaq sizdə hansısa arxayınçılıq yarada bilərmi?
- Yox, əksinə, bundan da daha yaxşı hazırlaşıb, uğurla çıxış edəcəyəm. Bundan da yaxşı nailiyyətlər əldə edib, ikiqat olimpiya çempionu olacağam. Bu, titul mənə stimul verir.

- Hələlik Azərbaycanda 2 qat Olimpiya çempionu yoxdur. Deməli, məqsədiniz bu tarixi uğura imza atmaqdır …
- Bəli.

- Londonda finala çıxan 3-cü Azərbaycan idmançısı oldunuz. Sizdən öncə Rövşən Bayramovla Mariya Stadnik həlledici görüşdə uduzmuşdular. Bu, sizdə hansısa psixoloji gərginlik yaratmırdı?
- Mən finala çıxanda ölkəmizin hələ qızıl medalı yox idi. Axırıncı günlər idi, məsuliyyət çox böyük idi. Bu zaman istər-istəməz psixoloji gərginlik yaranırdı və yalnız qızıl medal qazanmaq lazım idi. Bildiyiniz kimi, rəqibim də çox güclü idi, 4 dəfə dünya çempionu olmuşdu. Allahın köməyi ilə öz istəyimə çatdım. Öz gücümə inanırdım və finala yalnız qələbə üçün çıxmışdım. Bu da sonda uğurla nəticələndi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR