Səid Cəlili: “Moskva görüşündə İranın uranın zənginləşdirilməsi haqqının tanınmasını gözləyirik”

Səid Cəlili: “Moskva görüşündə İranın uranın zənginləşdirilməsi haqqının tanınmasını gözləyirik”
# 16 iyun 2012 15:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskva keçiriləcək müzakirələrin uğurla nəticələnməsi üçün İranın uranın zənginləşdirilməsi haqqının tanınmasını gözləyirik”. APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili “Russia Today” telekanalına açıqlamasında bildirib. O deyib ki, İranın Bağdad görüşündə irəli sürdüyü təkliflər detalları ilə araşdırılmalıdır: “Biz həmin müzakirələr zamanı 5 təklif irəli sürdük. Bunun 4-ü nüvə enerjisi, 1-i də müxtəlif mövzularla əlaqədar idi. Həmin vaxt qarşı tərəf də bir təklif irəli sürdü”.

S. Cəlili qeyd edib ki, İranın bütün fəaliyyətləri NPT müqaviləsi çərçivəsindədir: “Müzakirələrdə irəliləyiş əldə olunması üçün əvvəlcə iki məsələdə razılaşmağımız lazımdır. Bunlardan birincisi budur ki, biz kütləvi qırğın silahlarına tamamilə qarşıyıq. İkincisi də biz İranın uranın zənginləşdirilməsini əhatə edən nüvə texnologiyasına sahib olmaq haqqının tanınması və ona hörmət edilməsini gözləyirik. Bu, NPT müqaviləsində şəffaf və dəqiq olaraq təsvir edilən bir müddəadır. Məncə, bu iki mövzunun araşdırılması Moskva görüşmələrinin irəliləməsinə yardımçı olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR