Gürcüstanda 9 aprel və Ağdaban faciələrinə həsr olunan tədbir keçirilib

Gürcüstanda 9 aprel və Ağdaban faciələrinə həsr olunan tədbir keçirilib
# 09 aprel 2012 22:31 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Aprelin 9-da Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində 9 aprel və Ağdaban faciələrinin anım tədbiri keçirilib. Marneuli şəhərində 9 aprel faciəsinin 23 illiyinə və erməni quldurları tərəfindən törədilən Ağdaban faciəsinin 20 illiyinə həsr edilən tədbirdə iştirakçılar faciələri bir dəqiqəlik sükutla yad ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Etibar Hüseynov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, “Ziya” qəzetini baş redaktoru Nizami Məmmədzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vasif Bədəlov və başqaları çıxış ediblər.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı Birliyinin təqdimatı ilə Ağdaban faciəsindən bəhs edən “Sındırılmış Sazın Fəryadı” adlı sənədli film nümayiş olunub, tədbir iştirakçılarına Ağdaban faciəsi haqqında rus və ingilis dillərində bukletlər paylanılıb.
Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında bu tədbirlərin Gürcüstanda keçirilməsinin önəmli olduğunu vurğulayıb. “Bu ona görə önəmlidir ki, hər iki ölkənin taleyi bir-birinə oxşardır. Həm 20 Yanvar , həm də 9 aprel faciələri Gürcüstan və Azərbaycan xalqının sovet imperiyasının apardığı ədalətsiz siyasətə etiraz səsi və azadlıq və müstəqillik tələbi idi. Lakin sivil insanların haqlı tələbi ordu ilə, tanklar yeridilməklə vəhşicəsinə qətliamlar törətməklə susduruldu. Onlar öz arzu-istəklərinə çata bilmədilər. Azərbaycan və Gürcüstan öz müstəqilliyini əldə etdi. Bu bizim qəhrəmanlıq tariximizdir. Azərbaycanlılar Rustaveli küçəsində bir milyon qərənfillə Gürcüstan xalqının dərdinə şərik olub həmrəylik nümayiş etdiriblər. Ağdaban faciəsi isə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Bir kənd tamamilə erməni vandalizmin qurbanı olub. İnsanlar diri-diri yandırılıb, əsir və girov götürülüb. İnsanlarımıza qarşı insanlıqdan kənar cinayətlər törədilib. Bu kənd Azərbaycan tarixində və mədəniyyətində böyük rol oynayıb. Aşıq Şəmşir və Ağdabanlı Qurbanın bütün əlyazmalarını yandırmaqla Azərbaycan mədəniyyətinə böyük zərbə vurması hadisəsinin 20-ci ildönümüdür. Biz bu tədbiri ona görə Gürcüstanda yaşayan soydaşlarımızla və dünyada yaşayan azərbaycanlılarla birgə qeyd edirik ki, onlar tariximizi bilməli, yaşadıqları ölkədə bu faciələr barədə digər millətlər içərisində təbliğatı gücləndirməli, bu faciələrin törədilməsində Robert Koçaryanın və Serj Sarkisyanın əli olduğunu beynəlxalq ictimaiyyətə çatdırmalı, onların gələcəkdə məhkəmə prosesində öz cəzalarını almalarına nail olmalıdırlar.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR