Azərbaycanın Argentinadakı səfiri Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın Argentinadakı səfiri Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
# 07 noyabr 2012 15:27 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın Argentinadakı səfiri (eyni zamanda Uruqvayda akkreditə olunmuş) Məmməd Əhmədzadə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orriko ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair, eləcə də qarşılıqlı iqtisadi, ticarət və sərmayə imkanları barədə fikir mübadiləsi aparılıb.

Cari ilin iyul ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı onunla keçirdiyi görüşü məmnunluqla xatırlayan Xorxe Orriko, bu səfərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.

M.Əhmədzadə Uruqvay parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılmasına verdiyi dəstəyə görə X.Orrikoya təşəkkürünü bildirib. Azərbaycanın Milli Məclisində də Uruqvayla parlamentlərarası dostluq qrupunun yaradıldığı barədə məlumat verən səfir bu dostluq qruplarının iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminlik ifadə edib.

Görüşdə cari ilin oktyabr ayının əvvəllərində Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvlərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı Azərbaycan prezidenti cənab İlham Əliyev və digər rəsmilərlə keçirdiyi görüşlərin əhəmiyyəti vurğulanıb. Səfir M.Əhmədzadə Uruqvay parlamentinin sədrini Azərbaycana səfərə dəvət edib, X.Orriko dəvəti məmnuniyyətlə qəbul edib.

M.Əhmədzadə Uruqvay parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasına dair ölkəmizin mövqeyi barədə məlumat verib. Öz növbəsində X.Orriko bildirib ki, Uruqvay ənənəvi olaraq münaqişələrin sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR