ETSN: Bu il Azərbaycanın qar ehtiyatlarında olan sululuq, ötən ildəkinə nisbətən aşağıdır

ETSN: Bu il Azərbaycanın qar ehtiyatlarında olan sululuq, ötən ildəkinə nisbətən aşağıdır
# 19 mart 2012 13:10 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işləri demək olar ki yekunlaşıb. A. Verdiyev deyib ki, ölkə ərazisində şaxtalı hava şəraiti qarın əriməsini ləngidir: “Həmin ərazilərdə gecə saatlarında 10-15 dərəcə şaxta qeydə alınır. Qarın ərimə prosesi hələ ki, baş vermir. Havanın temperaturu qarın əriməsi üçün kifayət deyil. Bu proses martın sonu, aprelin əvvəlində baş verə bilər”. Baş hidroloqun sözlərinə görə, bu il qar ehtiyatları Kiçik Qafqaz dağlarında Böyük Qafqaz dağlarına nisbətən daha azdır: “Hazırda Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki rayonları ərazilərində qar daha çoxdur, nəinki Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında”.

A. Verdiyev onu da deyib ki, sabahdan başlayaraq qarölçmə ilə bağlı bütün məlumatların hesablamasına başlanılacaq: “Gürcüstan tərəfindən də məlumatlar alınacaq. Bundan sonra dağlıq ərazilərdə toplanan qar ehtiyatlarının nə qədər olduğu, ərimə başlayarsa, baş verə biləcək hadisələr və sair məlum olacaq”.

Qeyd edək ki, bu il düşən qar ehtiyatını ölçmək və daşqınları proqnozlaşdırmaq üçün ölkə üzrə 5 istiqamətdə ekspedisiyalar təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR