Demokratik Qüvvələrin Məşvərət Məclisinin Əsasnaməsi qəbul olunub

Demokratik Qüvvələrin Məşvərət Məclisinin Əsasnaməsi qəbul olunub
# 05 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQ MM) əsasnamənin imzalanması ilə bağlı toplantısı keçirilib. AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəyli (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mayis Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər.

Əsasnamə iştirakçı partiyaların hər biri tərəfindən imzalanıb. Yalnız ADP əvvəlcədən də nəzərdə tutulduğu kimi tam hüquqlu üzv qismində deyil, müşahidəçi olaraq əsasnamənin imzalanmasında iştirak edib.

Əsasnamədə MM-in əsas məqsədinin, ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin formalaşdırılması, demokratiyaya dinc keçidin təmin edilməsi yolu ilə - “dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır” - müddəasına əməl edilməsinə nail olması xüsusi olaraq qeyd edilib. Həmçinin vurğulanıb ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, siyasi fəaliyyət, kütləvi informasiya və sərbəst toplaşmaq azadlıqlarının real təmin olunmasına yönəlik təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq və onları aid olduğu dövlət orqanlarına təqdim etmək, ölkədaxili və beynəlxalq aktual problemlərin birgə müzakirəsini təşkil etmək, üzv olan siyasi partiyaların həmin problemlərə və onların aradan qaldırılmasına dair ortaq mövqeyini formalaşdırmaq əsas fəaliyyət predmeti olacaq.

Həm əsasnamədə, həmçinin də üzv partiya sədrlərinin çıxışlarında MM-in müəyyən edilmiş məqsəd və fəaliyyət istiqamətləri çərçivəsində digər ictimai və siyasi qüvvələrlə əməkdaşlıq edəcəyi də xüsusi olaraq qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR