Berlində “Bakıya uçuş” sərgisinin təntənəli açılışı olub - FOTOSESSİYA

Berlində “Bakıya uçuş” sərgisinin təntənəli açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 03 noyabr 2012 10:40 (UTC +04:00)
Bakı-APA. Almaniya paytaxtının məşhur “Collectors room” sərgi mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, noyabrın 17-dək davam edəcək sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Berlində Azərbaycan incəsənəti sərgisinə çox böyük maraq var olub. Sərginin açılışına Almaniyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar gəliblər.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyeva “Bakıya uçuş” sərgisi haqqında qonaqlara məlumat verib. Fondun vitse-prezidenti bildirib ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda və Parisdə keçirilib, böyük maraqla qarşılanıb. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının təşkilatçılığı ilə Berlində keçirilən sərgi çox zəngindir. Burada Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri öz əksini tapıb. Sərgidə 21 sənət adamının 94 işi nümayiş etdirilir.

Leyla xanım Əliyeva bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın qədim və zəngin tarixə malik ölkə olduğunu bildirib. Azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını söyləyib. Qonaqlara Azərbaycanı tanımaq üçün Heydər Əliyev Fondunun, “Baku” jurnalının mühüm işlər gördüyünü bildirib.

“Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq. Şübhəsiz ki, incəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Gəlin ölkəmizi özünüz üçün kəşf edin”.

Sonra sərginin kuratoru Erve Mikaeloff, Vaymar Musiqi Universitetinin prezidenti Kristof Ştözl dünyanın müxtəlif ölkələrində keçirilmiş “Bakıya uçuş” sərgisinin Berlində də təşkil olunmasının Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdığını bildiriblər.

Sərgidə Leyla xanım Əliyevanın müəllifi olduğu əsərlər də iştirakçılar tərəfindən xüsusi diqqətlə izlənilib və yüksək qiymətləndirilib.
Almaniyanın Şimali Afrika və Yaxın Şərq Dövlət Mərkəzinin direktoru Udo Ştaynbax qeyd edib ki, sərgi Almaniya ilə Azərbaycanın mədəniyyət sahəsindəki əlaqələrinin inkişafı ilə yanaşı, Azərbaycanı müasir incəsənətin inkişaf etdiyi Avropa ölkəsi kimi təqdim edib.

Qonaqlardan Müjgan Əhrarinin sözlərinə görə, sərgi Azərbaycan rəssamlarının universal dəyərlərə malik olduğunu sübut edib. Onların mənəvi mühitləri çox zəngindir və dünyəvi dəyərləri bölüşürlər. Xanım Mişel Viktor Adamski Azərbaycanın zəngin musiqisindən, poeziyasından xəbərdar olduğunu deyib: “İndi isə Azərbaycanı müasir incəsənət ölkəsi kimi də kəşf etdim”.

Noyabrın 17-dək davam edəcək sərgi dünyanın digər şəhərlərində olduğu kimi, Almaniya paytaxtında da Azərbaycanı layiqincə tanıdacaq və ölkəmizə marağı artıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR