İranın enerji nazirinin müavini : Urmiya gölünün xilası üçün üç milyard kubmetr suya ehtiyac var

İranın enerji nazirinin müavini : Urmiya gölünün xilası üçün üç milyard kubmetr suya ehtiyac var
# 13 may 2012 01:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Urmiya gölündə suyun səviyyəsinin düşməsinin qarşısını almaq üçün illik üç milyard kubmetr suya ehtiyac var”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın enerji nazirinin müavini Məhəmmədrza Əttarzadə bildirib. Onun sözlərinə görə, Türkiyənin Van, Ermənistanın Sevan (Göyçə), Qazaxıstanın Aral və Zarivar gölləri ilə Xəzər dənizi üzərində aparılan araşdırmalar havanın temperaturunun iki dərəcə yüksəlməsi ilə bütün bu göllərdə suyun səviyyəsinin aşağı düşdüyünü göstərir: “Sevan gölünün suyunun səviyyəsi də eynilə aşağı düşüb. Ancaq bu gölün dərinliyi çox olduğundan quraqlığın təsirləri hiss olunmur. Lakin Urmiya gölünün dərinliyi az olduğundan quraqlığın təsirləri görünür”. M. Əttarzadə deyib ki, Qazaxıstandakı Aral gölündən əldə edilən təcrübələri Urmiya gölü üçün tətbiq etmək niyyətindədirlər: “Aral gölü də bir müddət quraqlıqla qarşı-qarşıya qalmışdı. Ona görə də bu göldə aparılan araşdırmalardan əldə edilən nəticələr Urmiya gölü üçün də istifadə oluna bilər. Aral gölünü xilas etmək üçün buxarlanma səviyyəsini azaltmaq məqsədilə dərin bölgələri dayaz bölgələrdən ayırdılar, kənardan gölə gələn suyu da hövzənin qurumaması üçün daha dərin bölgəyə istiqamətləndirdilər”. O əlavə edib ki, dünyada müxtəlif göllər quruyur: “İsti və quraq bir iqlimdə yaşadığımız diqqətə alındığında bu dəyişmələrin ölkəmizə də təsir göstərəcəyini qəbul etmək lazımdır. İndi ən əhəmiyyətli məsələ Urmiya gölünün qurumasının qarşısının alınması üçün hansı tədbirlərın görülməsini tapmaqdır. Urmiya gölü enişli-çıxışlıdır. Belə ki, bəzi nöqtələrdə qurudu, bəzən də suyun səviyyəsi ətrafındakı yolları təhdid edəcək ölçüdə oldu. Urmiya gölünün qurumasında təsirli olan iqlim dəyişikliklərindən başqa, xalqın da hövzəyə axan suyu istifadə etməsi iki qata çıxdı, bu bölgədə əhali artdı, əkinçilik və sənaye inkişaf etdi”. M. Əttarzadə vurğulayıb ki, Urmiya gölündəki zərərləri minimuma endirmək üçün qısa və uzunmüddətli tədbirlər və həll yolları var: “Bu sahədə mövcud beynəlxalq təcrübələr və həll yollarının istifadə edilməsinə əlavə olaraq, digər bir çıxış yolu da gölə su gətirilməsi layihəsidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR