İran prezidenti: “ABŞ-da prezident seçkilərinin qalibi ilə görüşə hazıram”

İran prezidenti: “ABŞ-da prezident seçkilərinin qalibi  ilə görüşə hazıram”
# 26 sentyabr 2012 10:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanın “İranın nüvə silahına sahib olması əsla qəbul edilə bilməz” ifadəsinə münasibət bildirməyib. APA-nın məlumatına görə, M. Əhmədinejad “Associated Press” (AP) agentliyinə açıqlamasında bunu noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisinin nəticələrinə təsir etməmək üçün cavablamayacağını söyləyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı çıxarılmış hay-küy Qərbin Tehranı öz təsir dairəsi altına almaq üçün istifadə etdiyi bəhanədən başqa bir şey deyil: “ABŞ İranın 1979-cu il inqilabından sonra həyata keçirdiyi seçimini heç bir zaman qəbul etmədi. Hər kəs İranın nüvə proqramının ABŞ-ın problem kimi təqdim etdiyinin fərqindədir. Ancaq mən bununla bağlı danışmağa lüzum görmürəm. Bu ilin aprelindən İranla “altılıq” ölkələri arasında başlayan və yüksək səviyyədə üç dəfə keçirilən nüvə müzakirələrində heç bir nəticə alınmamasına baxmayaraq, biz hər zaman dialoq tərəfdarıyıq. Hətta bəzi ölkələrin liderləri mənə birbaşa ABŞ-la nüvə müzakirələrini aparmağın İran üçün daha faydalı olacağını təklif ediblər”. İran prezident vurğulayıb ki, ABŞ-da keçiriləcək prezident seçkisində qalib gələcək namizədlə görüşməyə də hazırdır: “Təbii ki, bu cür görüşdən imtina etmirəm”.

M. Əhmədinejad Suriyadakı böhrana da toxunub: “Bu ölkədə 18 aydan bəri sürən qarşıdurmaların sona çatdırılması üçün 10-11 ölkədən ibarət yeni bir qrup yaradılmalıdır. Bununla bağlı Orta Şərq ölkələri və digər ölkələrin nümayəndələri yaxın günlərdə Nyu-York şəhərində bir araya gələcək. Misir prezidenti Məhəmməd Mursinin də Suriya məsələsi ilə bağlı 4 ölkədən ibarət yaratdığı təmas qrupunun bu ölkənin iqtidarı və müxalifətini bir araya gətirəcəyini ümid edirəm. Suriyada sabitlik, sülh və uzlaşma yaratmaq üçün gücüm daxilində olan hər şeyi edəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR