Azərbaycanda hər bir ölkə sakini ərzaq məhsullarına orta hesabla ayda 84 manat xərcləyir

Azərbaycanda hər bir ölkə sakini ərzaq məhsullarına orta hesabla ayda 84 manat xərcləyir
# 22 sentyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,2% üstələyərək 11 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, səkkiz ay ərzində pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 149,3 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 13,1 manat çox əmtəə realizə edilib.

Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 6,1%-i hüquqi şəxslərin, 62,4%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 31,5%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

«Pərakəndə ticarət dövriyyəsinin 99,6%-i özəl müəssisələrin fəaliyyəti nəticəsində formalaşıb, bu müəssisələrdə 10,9 mlrd. manatlıq və ya 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,3% çox istehlak malları satılıb», - deyə Komitədən bildirilib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1% artaraq 6 174,9 mln. manata, qeyri-ərzaq mallarının həcmi 22,1% artaraq 4 797,5 mln. manata bərabər olub.

Qeyd edək ki, pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84 manatlıq ərzaq, 65,3 manatlıq qeyri-ərzaq malları alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR