Prezident İlham Əliyev: “Çexiya ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir”

Prezident İlham Əliyev: “Çexiya ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir”
# 05 aprel 2012 20:29 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər. Çexiya prezidenti ötən ilin mayında Azərbaycana səfərini xatırlayaraq bildirib ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə intensiv inkişaf edir.

Azərbaycan prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya prezidenti Vatslav Klaus deyib:- “Eyni zamanda, onu bildirmək istəyirəm ki, biz görüşümüz zamanı ölkələrimizin daxili siyasi vəziyyəti haqqında bir-birimizə məlumat verdik. Həmçinin məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bir çox beynəlxalq məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür.
Yekun olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan prezidentini əmin etdim ki, biz Çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayırıq. Bu baxımdan xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq”.

Çexiyaya səfərə dəvətə görə prezident Vatslav Klausa minnətdarlığını bildirən prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdıraraq deyib: - “Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Keçən il sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən edib. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artıb. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.
Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrılır. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaq.

Jurnalistlərin suallarını cavablandıraraq Vatslav Klaus deyib ki, Azərbaycan prezidenti ilə söhbəti zamanı Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarını müzakirə edib. “Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər”.
İki ölkə arasında ticarət balansından danışan Çexiya prezidenti bildirib ki, Çexiyanın idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan neftidir. Bu, təbii olaraq, ticarət balansının məhz Azərbaycanın xeyrinə daha çox olduğunu göstərir və bu tamamilə məntiqli hesab olunmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Vatslav Klaus bildirib ki, bu məsələ Azərbaycan prezidenti ilə müzakirə olunub. “İcazənizlə, mən aydın şəkildə sizə bəyan edim. Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm”.

Azərbaycan-Çexiya münasibətlərini Avropa İttifaqı-Azərbaycan çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz sualını cavablandıraraq Vatslav Klaus deyib ki, Aİ-nın “Şərq tərəfdaşlığı” Proqramı müsbət layihədir və Çexiya bu layihənin yaradıcılarından biridir. Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə edib. Çexiya Azərbaycanın mövqeyini alqışlayır, bu çərçivədə aparılan əməkdaşlığa müsbət yanaşır. O, deyib: “Əgər nəzər yetirsək görərik ki, ümumiyyətlə, tərəfdaşlıq bu proqramın adındadır. Bundan irəli gələrək bu, o deməkdir ki, proqramın məhz məqsədi tərəfdaşlıq aparmaqdır, tərəfdaşlığın baş tutması üçün bütün lazımi şəraitlərin yaradılmasıdır. Bu baxımdan biz görürük ki, bu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. Biz Azərbaycanın bu sahədə mövqeyini bilirik. Əminik ki, Azərbaycan bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcək. Biz Azərbaycanın bu sahədə mövqeyini dəstəkləyirik”.

Azərbaycan prezidenti İlham Əliyev KİV nümayəndələrinin suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycanla Çexiya arasında olan ticarət dövriyyəsi hər iki ölkənin iqtisadi potensialını əks etdirmir. Ancaq dinamikaya baxdıqda görünür ki, son bir il ərzində ticarət dövriyyəsi bir neçə dəfə artıb.
Prezident deyib: “Mən bu gün söhbət əsnasında qeyd etdim ki, biz Çexiya şirkətlərini Azərbaycanda görmək istəyirik və onların uğurlu fəaliyyəti - istər investor, istər kontraktçı kimi fəaliyyəti üçün lazım olan şəraiti yaratmağa hazırıq.
Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və Çexiya şirkətlərinin çox gözəl iş təcrübəsi, çox gözəl nüfuzu vardır və biz onları tərəfdaşlarımız arasında görmək istəyirik. Əminəm ki, bu səfərin gözəl nəticələrindən biri də məhz bu olacaqdır”.

Mətbuat konfransında İlham Əliyev bildirib ki, Çexiya prezidenti ilə görüşü zamanı Suriya ilə bağlı məsələdə geniş şəkildə müzakirə olunub. “Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləyib və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynayıb. Eyni zamanda, biz bəyan etmişik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcək və günahsız insanların qırılması dayandırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR