Mübariz Qurbanlı: “Qanunsuz aksiyaların keçirilməsinə görə cərimələrin artırılması tamamilə düzgün və məntiqlidir”

Mübariz Qurbanlı: “Qanunsuz aksiyaların keçirilməsinə görə cərimələrin artırılması tamamilə düzgün və məntiqlidir”
# 29 oktyabr 2012 13:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, müxalifət partiyalarının bu qanun layihəsi ilə əlaqədar iddialarının heç bir əsası yoxdur. Onun sözlərinə görə, istənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var. Millət vəkili qeyd edib ki, qanunvericiliyə təklif edilən dəyişikliklərin məqsədi qeyri-qanuni aksiyalara çağırışların və insanları buna sövq edənlərin qarşısını almaqdır: “Azərbaycanda kütləvi aksiyalar “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənir. Bu qanunun tələblərini pozanlara qarşı əvvəllər də cərimələr tətbiq olunub. Cərimələrin miqdarı isə zaman keçdikcə artırılacaq. Başqa ölkələrin təcrübəsində də bu praktika var. Çünki qanunsuz aksiyalar keçirənlər ictimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımdan cəmiyyətə zidd olan hərəkətlərə yol verirlər. Məhz buna görə də, müvafiq qanunlara əlavələr edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR