Bakıda yeni tikililər ucuzlaşıb

Bakıda yeni tikililər ucuzlaşıb
# 26 iyul 2012 11:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Daşınmaz əmlak bazarında müşahidə olunan qiymət azalması yeni tikililərin istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrində hiss edilib və ötən aylarla müqayisədə 1,2% azalma baş verib.

«APA-Economics»in məlumatına görə, bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi 2012-ci ilin iyun ayında paytaxtın ilkin mənzil bazarında apardığı növbəti araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

İB-in məlumatına əsasən ötən ay yeni tikililərdəki mənzillərin alqı-satqısı azalıb. Bu, xüsusilə bahalı mənzillərə aid olduğuna görə bahalı mənzillərin qiyməti aşağı düşüb. Beləliklə, iyun ayında aparılan araşdırmalara əsasən təklif portfelində orta qiymətə (500-600 manat arası) satışa çıxarılan mənzillərin və qeyri-yaşayış sahələrinin (2000-2500 manat arası) payı üstünlük təşkil edib. Bakı şəhəri üzrə ilkin mənzil bazarında üzrə satışda olan yeni tikililərin sayı ötən aydakı kimi 420 ədəd olub. Bazara daxil olan yeni tikililər isə əsasən sosial təyinatlı binalar olub ki, onların da inşası əsasən 4-cü zonanın payına düşüb. Beləliklə, tikinti şirkətlərinin sayında da dəyişiklik baş verməyib və 150-yə bərabər olub.

«Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib» - deyə məlumatda bildirilir.

Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər iyun ayında da cüzi dəyişikliklə yadda qalıb. İyunda yeni tikililərdə mənzillərin orta qiyməti 1,2% azalaraq 1 kv. m üzrə 810,4 manata bərabər olub. Bu, 2012-ci ilin yanvar ayı ilə müqayisədə 4,4%, ötən ilin eyni dövrünə nisbətən 3,2% azdır. 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 32,1% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR