Azərbaycanlı mütəxəssis BP-yə vitse-prezident təyin olunub - YENİLƏNİB

Azərbaycanlı mütəxəssis BP-yə vitse-prezident təyin olunub - <font color=red>YENİLƏNİB</font>
# 02 noyabr 2012 09:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünyada ilk dəfə olaraq azərbaycanlı mütəxəssis beynəlxalq neft şirkətində ən yüksək vəzifələrdən birinə təyin edilib. «APA-Economics»in məlumatına görə, bu gün Britaniyanın BP şirkəti Rəşid Cavanşirin Londonda BP-nin strategiya və inteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan edib.

Qeyd edək ki, R.Cavanşir 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edib və «BP-Azerbaijan»ın prezidenti olub.

«BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, R.Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Q.Birrell öz yeni vəzifəsinin icrasına noyabrın 15-dən başlayır.

Hazırda Q.Birrell BP-nin hasilat bölümü üzrə texniki təhlükəsizlik və əməliyyat riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.

«Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və BP-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Rəşidə BP-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik», - deyə BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar bildirib.

B.Frayarın sözlərinə görə, BP ARDNŞ, hökumət və tərəfdaşları ilə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarını davam etdirmək niyyətindədir: «Buna nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik».

«BP-Azerbaijan»ın yeni rəhbəri barədə məlumat verən B.Frayar qeyd edib ki, bir təcrübəli rəhbər və BP-nin Azərbaycandakı geoloji-kəşfiyyat layihələrində iştirak etmiş birisi kimi Q.Birrell buradakı uğurlu tərəfdaşlığı davam etdirəcək: «Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökuməti ilə birgə işlənən ACG hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olunacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR