Azərbaycan yığması nüfuzlu komandalardan biri ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması nüfuzlu komandalardan biri ilə yoldaşlıq görüşü keçirəcək
# 18 aprel 2012 11:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığması nüfuzlu milli komandalardan biri ilə yoldaşlıq görüşü keçirəcək. Bu barədə apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

FİFA-nın təqvim günlərindən birində, yəni, mayın sonu – iyunun əvvəlində daha bir rəqiblə sınaq matçının nəzərdə tutulduğunu bildirən Məmmədovun sözlərinə görə, Bəhreynlə avqustun 15-də Bakıda keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü də qüvvədədir.

“Bildiyiniz ki, mayda və iyunda səfərdə Andorra və Belarusla yoxlama oyunlarımız var. Hazırda isə həmin ərəfədə başqa bir ölkənin komandasıyla da yoldaşlıq görüşü keçirməklə bağlı danışıqlar gedir. Ola bilsin may və ya iyunda əlavə bir oyun təşkil etdik. Onu qeyd edim ki, söhbət çox güclü futbol ölkəsindən gedir” – deyə, Məmmədov bildirib.

Təbii ki, bizim üçün həmin sürpriz komandanın adı maraqlıdır. Bunu öyrənməyə cəhd etsək də, baş katib bir qədər gözləməyi məsləhət gördü: “Həmin ölkənin adının indi açıqlanmasında mən də maraqlıyam. Bu dəqiqə demək istərdim, amma belə razılaşmamız var ki, oyun tam dəqiqləşməyənədək rəsmi məlumat yayılmayacaq”.

Məmmədov ad açıqlamasa belə, əməkdaşımıza az da olsa ip ucu verib: “Onu deyə bilərəm ki, Azərbaycan futbol tarixində həmin güclü komanda ilə oynamayıb. Çox güman ki, həmin qarşılaşma səfərdə keçiriləcək. Sözün düzü, görüşlə bağlı təklif qarşı tərəfdən gəlib. Biz də bunu məmnuniyyətlə qəbul etdik. Hazırda danışıqlar gedir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR