Kabardin-Balkarın nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüş keçirib - FOTO

Kabardin-Balkarın nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüş keçirib - <font color=red>FOTO</font>
# 19 iyun 2012 15:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, görüşün əsas məqsədi aqrar sahədə ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.

Görüşdə İ.Abasov aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, 2009-cu ildə imzalanmış «Azərbaycan Respublikasının hökuməti ilə Kabardin-Balkar Respublikasının hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqında Saziş» ilə hər iki ölkə arasında əməkdaşlığın əsası qoyulub.

Nazir qeyd edib ki, Azərbaycanla Kabardin-Balkar arasında dostluq əlaqələri müxtəlif sahələrdə olduğu kimi, aqrar-sənaye kompleksində də inkişaf edir. Yuxarıda adıçəkilən Sazişin icrası nəticəsində hər iki ölkənin aqrar-sənaye kompleksinin təsərrüfat subyektləri arasında əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə edilib.

Nazir ölkələr arasında aqrar məhsulların ticarət dövriyyəsinin həcminin artdığını qeyd edərək, Azərbaycandan Kabardin-Balkara əsasən çay, ədviyyat, pambıq, spirtli və spirtsiz içkilər, konservləşdirilmiş meyvə və tərəvəz məhsullarının ixrac olunduğunu, Kabardin-Balkardan Azərbaycana müxtəlif qida məhsullarının idxal olunduğunu nəzərə çatdırıb.

İ.Abasov Azərbaycanla Kabardin-Balkar arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi, istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin yaradılmasına dəstək vermək, həmçinin aqrobiznes əməkdaşlığının genişləndirilməsi məqsədilə hər iki ölkədə biznes-forumlar, həmçinin kənd təsərrüfatı məhsullarının sərgi-satışını təşkil etmək və digər istiqamətlərdə təkliflərini bildirib.

Kazım Uyanayev səmimi qəbula görə minnətdarlığını bildirərək, aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR