ABŞ-ın şərq sahilinə doğru hərəkət edən «Sendi» qasırğası getdikcə güclənir

ABŞ-ın şərq sahilinə doğru hərəkət edən «Sendi» qasırğası getdikcə güclənir
# 30 oktyabr 2012 00:48 (UTC +04:00)
Nyu-Hempşir. Viktoriya Dementyeva – APA. ABŞ-ın şərq sahilinə doğru hərəkət edən «Sendi» qasırğası getdikcə güclənir. Son saatlar ərzində qasırğanın küləyinin sürəti saatda 140 kilometrə çatıb. Bu barədə APA ABŞ Milli Hava mərkəzinə istinadən məlumat verir.

Qasırğaya ən yüksək kateqoriya verilib. Onun yaxın saatlar ərzində Nyu-Cersi ştatına çatacağı gözlənilir. ABŞ Milli Qasırğa mərkəzinin proqnozlarına görə, təbii fəlakətin episentri Nyu-York da ola bilər. Burada 8 metr hündürlüyündə dalğalar gözlənilir. Ölkənin şərq sahillərində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, aviareyslər təxirə salınıb, bir sıra tunellər bağlanıb. Qasırğa səbəbindən Lonq Aylendin 54 min və Nyu-Cersinin 42 min sakini elektriksiz qalıblar. Nyu-York birjası və BMT qərargahı daha bir günlüyünə bağlanıb. BMT-də bütün iclaslar təxirə salınıb.

Şimali Karolinadan Yeni İngiltərəyədək olan ərazidə qasırğa şiddətli külək, leysan yağışı, daşqın və qar yağmasına səbəb olub.

Nyu-Hempşirdə güclü yağış və külək səbəbilə məktəblərdə bütün dərslər iki günlük təxirə salınıb, müəssisələrdə qısa iş günü elan olunub. Sakinlərə elektrik enerjisinin verilməsində fasilələr ola biləcəyi barədə xəbərdarlıq edilib.

«Sendi» qasırğası seçki kampaniyasına da təsir edib. Şərq sahilində seçki kampaniyasına aid bir sıra tədbirlər təxirə salınıb. ABŞ vitse-prezidenti Cozef Bayden Nyu-Hempşir ştatına səfərini təxirə salaraq Ohayoya gedib. Prezident Barak Obama da öz seçki qrafikinə dəyişikliklər edib. O qasırğaya hazırlıq prosesinə nəzarət etmək üçün Vaşinqtondadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR