Fərhad Bədəlbəyli: “Ümidvaram ki, Ramil öz batalyonu ilə Şuşada məni gözləyəcək”

Fərhad Bədəlbəyli: “Ümidvaram ki, Ramil öz batalyonu ilə Şuşada məni gözləyəcək”
# 31 avqust 2012 16:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Macarıstandan ekstradisiya olunaraq Azərbaycana gətirilən və prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun qayıdışına ölkənin ziyalıları da münasibət bildiriblər.

Professor Cəmil Həsənli APA-ya açıqlamasında bildirib ki, Ramil Səfərovun ekstradisiyası bir neçə il əvvəl baş verməli və o, Vətənə qayıtmalı idi: “Amma o, bu gün Vətənə qayıdıb. Mən onu təbrik edirəm. Ümid edirəm ki, bundan sonrakı dövrdə öz xidməti vəzifəsini yerinə yetirməkdə davam edəcək”. C.Həsənli deyib ki, R.Səfərovun əfvi insanların əhval-ruhiyyəsində müsbət dəyişiklər edəcək: “Nə yaxşı ki, bu hadisə indi baş verdi. Ramil haqqında verilmiş ədalətsiz qərara etiraz edənlər çox idi. Bütün hallarda mən günahsız cəza çəkənlərin hamısının azad olunmasına tərəfdaram. Ramil Səfərovun azad olunması, öz evinə, ailəsinə qovuşması çox əhəmiyyətli hadisədir. Bu, insanlarımızda vətənpərvərlik ruhunun oyanmasına gətirib çıxaracaq”.

Politoloq Vəfa Quluzadə də deyib ki, Ramil Səfərovun ekstradisiyası və əfv olunması, ailəsinə, evinə qayıtması çox yaxşı hadisədir və buna çox sevinir: “Ramil onun xalqına bu cür zülm edən, Xocalı faciəsini törədən adamla yanaşı qalmağa dözə bilmədi. O, cinayətkar deyil. Sadəcə, Azərbaycan bayrağının təhqir edilməsinə dözə bilmədi”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli isə bildirib ki, ilk dəfə Budapeştdə konsert verdiyi zaman Ramil Səfərovla görüşüb: “Onunla görüşməyi özüm xahiş elədim. Amma bununla bağlı heç kimə heç nə demirdim. Ramil də bunu məndən xahiş elədi. Hər bir halda bu cür məsələlər şişirdilərək Ramilə zərbə ola bilərdi. Mən o görüşdə Ramil Səfərova həqiqətən heyran oldum, o vəziyyətdə özünü aparmaq tərzi məni heyrətə saldı. O, öz üzərində saatlarla çalışıb, macar dilini öyrənib, Macarıstanda passiv həyat tərzini yox, aktiv fəaliyyəti seçib. O zaman mənə dedi ki, həbsxanadan çıxacağıma inanıram. Bu gün o azadlıqdadır. Buna görə Azərbaycanın dövlət başçısına təşəkkür edirəm. Gələcəkdə də Ramildən çox gözəl zabit çıxacaq. Ümidvaram ki, Ramil öz batalyonu ilə Şuşada məni gözləyəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR