Moldova parlamenti prezident seçməyə nail olub

Moldova parlamenti prezident seçməyə nail olub
# 16 mart 2012 11:39 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 63 yaşlı hüquqşünas Nikolae Timofti 62 səs toplayaraq Moldovanın yeni prezidenti olub. 101 yerlik parlamentdə dövlət başçısını seçmək üçün minimum 61 səs tələb olunur. Lakin 58 yerə sahib olan hakim koalisiya müxalifətlə heç cür razılığa gələ bilmirdi.

Qeyd edək ki, Moldovada qanunverici orqan 2009-cu ildən bəri dəfələrlə prezident seçməyə cəhd göstərib. Lakin heç bir namizəd yetərli miqdarda səs toplaya bilməyib. Bu səbəblə parlament iki dəfə buraxılıb və yeni seçki keçirilib. Nəhayət, hakim koalisiya parlamentdə 3 deputatı olan sosialistlərdən və 1 müstəqil deputatdan dəstək ala bilib. Əsas müxalif qüvvə olan Kommunist Partiyası səsverməni boykot edib.

N. Timofti Moldovada hakimlərin təyinatı ilə məşğul olan Ali Magistratura Şurasının sədri idi. O, parlamentdəki çıxışında mövcud hökumətin avrointeqrasiya siyasətini dəstəkləyəcəyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR