“Univision” qalibinin qazanacağı məbləğ açıqlanıb

“Univision” qalibinin qazanacağı məbləğ açıqlanıb
# 10 may 2012 09:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda ilk dəfə tələbələr arasında mayın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək “Univision” mahnı müsabiqəsinin qalibinin qazanacağı məbləğ bəlli olub. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN veriləcək.

Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) fəaliyyətinə cəlb ediləcək, təşkilatın müəyyən layihələrinin siması olacaq. Digər qaliblər üçün də hədiyyələr müəyyən edilib.

Müsabiqənin yarımfinalı mayın 15-də olacaq.

Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq “Birinci ol” devizi seçilib. Hazırda “Univision” mahnı müsabiqəsinin iştirakçıları əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğənninin rəhbərliyi altında məşqlər keçirlər. Bununla yanaşı, layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub.

Qeyd edək ki, “Univision” mahnı yarışması GİN və ATGTİ birgə təşəbbüsü ilə keçirilir. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

“Univision” tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq.

Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək.

Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək. Müsabiqə canlı olaraq “Muz TV” vasitəsi ilə yayımlanacaq. Müsabiqənin təşkilatçılarından biri “Qızıl qala” productiondur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR