DİN Müsavat üzvünün həbsinə aydınlıq gətirib

DİN Müsavat üzvünün həbsinə aydınlıq gətirib
# 14 iyun 2012 13:59 (UTC +04:00)
Ehsan Zahidov: “Cinayətkarlığa qarşı mübarizə aparan polisin fəaliyyətinə qara yaxmaq radikal müxalifətin çoxdankı peşəsidir!

Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyası partiyanın Qaradağ rayon təşkilatının üzvü Sakit Sabir oğlu Əmiralıyevin həbs edilməsi ilə bağlı bəyanat verib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, S. Əmiralıyevin iyunun 12-də axşam saat 11.00 radələrində Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Polis S. Əmiralıyevin həbsindən sonra onun iki gün öncə icarəyə götürdüyü kafedə qanunsuz olaraq axtarış aparıb. Polisin axtarışları nəticəsində S. Əmiralıyevin icarəyə götürdüyü kafedən müəmmalı şəkildə üç kibrit qutusu həcmində narkotik maddə “tapılıb”. Bəyanatda qeyd olunub ki, S. Əmiralıyev və ailə üzvləri Müsavat Partiyasının fəal üzvlərindədir: “Sakit Əmiralıyevin həbsi siyasi xarakterlidir, sifarişlə həyata keçirilib. Müsavat Partiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, S. Əmiralıyevin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-ya bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər çərçivəsində Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Sahil qəsəbə sakinindən narkotik vasitə olan marixuana götürüblər. (İstintaq sirri olduğundan adı açıqlanmır). Həmin şəxs polisə ilkin izahatında bildirib ki, bu narkotik vasitəni Qobustan qəsəbəsindəki Salyan şosesinin kənarındakı kafedən alıb. Əməliyyat axtarış qrupu dərhal adıçəkilən ünvana gedib və kafeni işlədən Sakit Əmiralıyevin üzərindən 1 kibrit qutusu təxminən 6-7 qram arasında marixuana götürüb: “Bütün bu proses tam qanuna uyğun və hal şahidlərinin iştirakı ilə həyata keçirilib. S. Əmralıyev isə öz növbəsində deyib ki, o marixuananı gündəlik qazanc məqsədilə özü əkib”.
E. Zahidov qeyd edib ki, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi belə tədbirlərə kölgə salmaq, siyasi don geyindirmək, o cümlədən öz ayıblarına kor olmaqdansa, cinayətkarlığa qarşı mübarizə aparan polisin fəaliyyətinə qara yaxmaq radikal müxalifətin çoxdankı peşəsidir: “Bilməlidirlər ki, bu yolla polisi qanunla müəyyən olunan fəaliyyətindən çəkindirə bilməyəcəklər”.
E. Zahidov bildirib ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR