Bakı və Abşeron çimərliklərində təkrar yoxlamalar aparılıb

Bakı və Abşeron çimərliklərində təkrar yoxlamalar aparılıb
# 25 iyun 2012 08:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə təkrar yoxlamalar aparıb. Mərkəzin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, çimərliklərdən götürülən dəniz sularının laborator müayinələri aparılıb. Onun sözlərinə görə, dəniz suyunun fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələrlə eyni olub.

Analizlərin nəticələrinə əsasən Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə var. Bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Şöbə müdiri analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərindən istifadə qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR