Azərbaycanda quraşdırılacaq sterilizasiya qurğusu bu ilin sonunda hazır olacaq

Azərbaycanda quraşdırılacaq sterilizasiya qurğusu bu ilin sonunda hazır olacaq
# 08 noyabr 2012 12:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda quraşdırılacaq sterilizasiya qurğusu bu ilin sonunda hazır olacaq. Gələn il ölkədə sterilizasiya qurğusu üçün bina hazır olsa, qurğu Azərbaycana gətiriləcək”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birlikdə icra olunan “Sterilizasiya qurğusunun laboratoriyalarla təminatı üzrə layihə”də layihə-smeta sənədlərinin hazırlanması prosesi gedir: “Hələlik tikinti işləri dayandırılıb. O sənədlər hazırlanıb təsdiq olunduqdan sonra gələn ildən sterilizasiya qurğusu üçün binanın və köməkçi sistemlərin (sutəmizləmə, susaxlama, soyuducu-qızdırıcı sistemlər) tikinti quraşdırma işlərinə başlanacaq”.

A. Qəribov deyib ki, qurğu hazır olduqdan sonra Azərbaycanda məhsulların tez xarab olmasının qarşısı alınacaq: “İlk növbədə biz elmi işlər aparacağıq. Bu sahədə çox işlər görüləcək. Bu qurğuda böyük həcmli şüalandırma işləri aparılacaq. Ondan sonra sifarişlər olarsa, biz başqa nazirliklərə və fermerlərə xidmət etməyə hazır olacağıq. Kartof, ət, meyvə və quru meyvələrin vaxtından qabaq xarab olmasının qarşısını almaq üçün bütün dünyada sterilizasiya qurğusunun xidmətindən istifadə edilir. Bundan başqa həmin qurğu vasitəsilə keçmişdən qalan arxitektura nümunələrini, mədəni irsə daxil olan xalçaları, şəkilləri şüalandırmaqla onlara mikroblar düşməsinin, xarab olmasının qarşısı alınacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR