Prezident İlham Əliyev Naxçıvan sement zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvan sement zavodunun açılışında iştirak edib
# 30 may 2012 13:20 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxıb.

Məlumat verilib ki, son illər Naxçıvan Muxtar Respublikasında yenidənqurma və tikinti işləri geniş vüsət aldığından, inşaat materiallarına da tələbat getdikcə artır. Bu baxımdan yeni sement zavoduna kəskin ehtiyac yaranıb. Müəssisənin inşası məqsədilə mütəxəssislər əvvəlcə təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işlərinə başlayıblar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilib. Nəticədə son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri reallaşdırılıb.

Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldıqdan sonra avtobusla zavodun ərazisini gəzib. Məlumat verilib ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilib. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılıb. Naxçıvan-Sədərək magistralından zavoda 2 km uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilib.

Qeyd edilib ki, “Naxçıvan Sement” MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaq. Tezliklə bu müəssisə regionun sement bazarında əhəmiyyətli yer tutacaq. Tam gücü ilə işlədiyi zaman müəssisədə üç növbədə 210 nəfər daimi işlə təmin olunacaq. Müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur. Konveyer üsulu ilə işləyən zavodda sement quru üsulla istehsal edilir.

Prezident İlham Əliyevə bildirilib ki, yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq zavodun məhsulları Avropa tələblərinə uyğun “CE” keyfiyyət nişanına layiq görülüb. Yaxın vaxtlarda müəssisədə yeni növ məhsulların istehsalı, eləcə də yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınması nəzərdə tutulur.

Naxçıvan sement zavodu ilə yaxından tanış olan prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR