Berti Foqts: “Klublarla razılaşmaq məcburiyyətindəyik”

Berti Foqts: “Klublarla razılaşmaq məcburiyyətindəyik”
# 06 sentyabr 2012 11:50 (UTC +04:00)
“Bəhreynlə oyunda müdafiədə çoxlu səhvlərə yol vermişdik. Həmin matçdan sonra futbolçuları tənqid etmişəm. Portuqaliya, İngiltərə kimi komandalarla oyunlarda həmin səhvləri hardasa etmək olardı. Ancaq Bəhreyinlə dueldə yox”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

DÇ-2014-ün seçmə qrup mərhələsində sabah baş tutacaq İsraillə oyundan öncə keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis ötən ay Bakıda Bəhreynlə oyundan sonra müdafiə xəttindən narazılığını gizlətməmişdi. O, İsraillə oyuna qədər arxa xətdə yol verdikləri səhvlər üzərində işləyəcəklərini vurğulamışdı.

Baş məşqçi sabahkı rəqibin “ikinci mərtəbə”də daha yaxşı oynadığını nəzərə alaraq, buna qarşı tədbirlər görüb: “Bəhreynlə oyunda hava mübarizələrində çox top itirdik. Buna görə də məşq prosesində tullanmalar və təkbətək mübarizələr üzərində işlədik. Bilirik ki, İsrail yığması “ikinci mərtəbədə” yaxşı oynayır”.

Baş məşqçi millidəki əsas problem kimi qapıçı amilini qeyd edib. O, sərəncamında olan qolkiperlərin oyun təcrübəsi baxımından problem yaşadıqlarını söyləyib. Foqts bir neçə gün əvvəl Andrey Popoviçlə Aqil Məmmədovun əvəzlənməsinə də toxunub.

Mütəxəssis ikinci qapıçı kimi Anar Nəzirova güvənəcəyini gizlətməyib: “İkinci qapıçı Anar Nəzirov olacaq. O, məşq prosesində özünü çox yaxşı tərəfdən göstərib. Popoviçin son iki oyundakı çıxışını təhlil etdik və onun millidə çıxış etməyə hazır olmadığını aydınlaşdırdıq”.

Yığmanın çalışdırıcısı bu arada “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakla, eləcə də onun “Xəzər Lənkəran”lı həmkarı ilə söhbət etdiyini də gizlətməyib: “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakla söhbətimiz oldu.
Ondan Anar Nəzirova niyə güvənmədiyini soruşduq. Çünki onun kimi qapıçı oynamalıdır. Kavlak mövsümün əvvəlində braziliyalı qapıçı gətirdiklərini, onun Nəzirovdan güclü olduğunu, buna görə də Anarın deyil, yeni qapıçının əsas heyətdə çıxış etdiyini dedi. Bu mövzuda “Xəzər Lənkəran” rəhbərliyi ilə də söhbətimiz olub. Öz təklifimizi vermişik. Sadəcə, klubda son qərarı komandanın öz baş məşqçisi verir. Biz də bununla razılaşmaq məcburiyyətindəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR