Ukraynada hərbi-təlim təyyarəsi qəzaya uğrayıb

Ukraynada hərbi-təlim təyyarəsi qəzaya uğrayıb
# 22 sentyabr 2012 15:41 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Xarkov vilayətində «L-39» hərbi-təlim təyyarəsi qəzaya uğrayıb. Təyyarəni idarə edən Xarkov Hava Qüvvələri Universitetinin III kurs tələbəsi qəza nəticəsində həlak olub.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Çuquyev şəhərində baş verib. Havaya qalxan zaman təyyarənin mühərrikində yanğın baş verib. Bu səbəbdən təyyarə tələb olunan yüksəkliyə qalxa bilməyib və hələ havada olarkən partlayıb və uçuş zolağına çırpılıb.
Bu hadisə ilə əlaqədar Ukrayna Müdafiə Nazirliyi qəzanın səbəbləri araşdırılanadək «L-39» təyyarələrində təlimlərin keçirilməsinə qadağa qoyub.

Qeyd edək ki, «L-39» hələ 1960-cı illərin sonundan Çexoslovakiyada istehsal olunan «Aero L-39 Albatros» təyyarəsinin Ukrayna modifikasiyasıdır. Hazırda bir çox ölkədə hərbi təlimlərdə məhz bu təyyarədən istifadə olunur. Ümumilikdə isə ötən dövr ərzində 2900 analoji təyyarə istehsal olunub ki, bunun da 40 ədədi Ukraynadadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR