BAXCP-də 31 Mart - Azərbaycanlıların Soyqırım Günü münasibətilə anım mərasimi keçirilib - FOTO

BAXCP-də 31 Mart - Azərbaycanlıların Soyqırım Günü münasibətilə anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2012 11:57 (UTC +04:00)
Bakı-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında 31 Mart Azərbaycanlıların Soyqırım Günü münasibətilə anım mərasimi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini sayğı duruşu ilə yad ediblər. Mərasimi giriş sözü ilə açan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqına qarşı böyük bir coğrafiyada həyata keçirilən soyqırım aktlarından söhbət açıb və qeyd edib ki, bir millət olaraq uzaq və yaxın tariximizdə baş verən bütün hadisələri ciddi şəkildə müzakirə etməli və tarixin dərslərindən nəticə çıxarmalıyıq: "Hecə oldu ki, tarixi Azərbaycan torpaqlarına müxtəlif ərazilərdən köçürülmüş ermənilər bölgənin ən böyük xalqına qarşı bu qədər amansız cinayətlər törətməyə, torpaqlarımızı işğal etməyə, özününküləşdirməyə nail oldular? Ağıllı xalqlar öz keçmişlərindən nəticə çıxarır və gələcəklərini daha möhkəm təməl üzərində qururlar. Yaddaşsız xalq heç bir vaxt inkişaf edə, söz və güc sahibinə çevrilə bilməz".

Daha sonra BAXCP Ali Məclisinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Vaqif Abışov məruzə ilə çıxış edib. Son dövrlərdə Azərbaycan tarixi ilə bağlı ciddi araşdırmaların aparıldığını qeyd edən alim bu prosesin davamlı olduğunu vurğulayıb: "Son dövrlərdə Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı ciddi araşdırmalar aparılır. Rusiya, İngiltərə, Fransa, Hindistan, Vatikan və digər dövlətlərin arxivlərindən Azərbaycanla bağlı olan sənədlər, tarixi faktlar əldə olunaraq ölkəmizə gətirilir".

BAXCP Ali Məclisinin sədri öz məruzəsində ötən əsrin əvvəllərində baş verən proseslər, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı həyata keçirdiyi soyqırım cinayətləri barədə mərasim iştirakçılarına ətraflı məlumat verib və qeyd edib ki, Ermənistanın və ermənilərin məkrli planlarına qarşı dayanmağın yeganə yolu birlikdə olmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR