Azərbaycanlı müğənni Kanadada konsert verib

Azərbaycanlı müğənni Kanadada konsert  verib
# 30 iyul 2012 07:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın Torontoda konserti uğurlu keçib. Bu barədə Torontodan APA-nın Türkiyə bürosuna konsertin təşkilatçısı olan “Azərbaycan sənəti üçün Kanada cəmiyyəti”nin prezidenti Yusif Savalan məlumat verib. Cəmiyyəti 2009-cu ildə yaratdıqlarını deyən Yusif Savalan Kanadada Azərbaycan mədəniyyətinin tanıdılması və ölkədəki Azərbaycan mənşəli vətəndaşların mədəni tələbatının yerinə yetirilməsi istiqamətində indiyə qədər müəyyən işlər gördüyünü xatırladıb. O Nuriyyə Hüseynovanın konserti ilə geniş əhatəli mədəni tədbirlər silsiləsinin təməlini atdıqlarını vurğulayıb: “Mən Təbrizdə anadan olmuşam, ancaq ailəm Təbrizə Şamaxıdan köçüb. Atam Azərbaycanın böyük şairi Məhəmməd Hadinin əmisi oğludur. Görkəmli sənətkarımız Nuriyyə Hüseynovanın cəmiyyətimizin dəvətini qəbul edərək Torontoya gəlməsi bizi hədsiz dərəcədə sevindirib, bu konsertin Kanadada yaşayan cənublu azərbaycanlılar üçün əhəmiyyəti çox böyükdür. Çünki təxminən 100 ildən bəri İranda bizim ana dilimiz qadağan olub. Səməd Behrəngi demişdi ki, bizim uşaqlarımız 7 yaşına qədər “su” deyir, 7 yaşında məktəbə gedəndən sonra isə “ab” deməyə başlayır. Musiqinin Şimali Azərbaycan üçün yeri ayrıdır, bizim üçün isə musiqi dilimizin və milli kimliyimizin də pasportu sayılır. Təbrizdə “bir göz qırpımında” ifadəsini eşitməzsiniz, çünki xalq arasında belə bir ifadə qalmayıb. Biz bu ifadəni Bakıdan gələn musiqi sayəsində öyrənmişik. Musiqi, mədəniyyət bizim siyasi cəhətdən birləşməyimiz yolunda hal-hazırda ən təsirli vasitədir. Nuriyyə xanımın uğurlu keçən bu konsertindən sonra qərara aldıq ki, hər 3 ayda bir dəfə bu cür tədbirlər təşkil edək. Azərbaycanın korifey sənətkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi və başqaları ilə bağlı tədbirlərimiz olacaq. Dekabrın 21-də məşhur sənətkar Müslüm Maqomayevin ad gününü keçirəcəyik”.
Nuriyyə Hüseynovanın Torontodakı konsertində çıxış edən “Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı APA-nın Türkiyə bürosuna verdiyi açıqlamada tədbirin uğurlu keçməsindən çox məmnun qaldığını vurğulayıb. Kanadanı yaxşı tanıdığını deyən professor bu cür mədəni tədbirlər sayəsində həm Azərbaycanın bu ölkədə daha yaxından tanınacağını, həm də Kanadada yaşayan Azərbaycan mənşəli vətəndaşların öz mədəni ənənələrinə daha sıx bağlanacağını deyib.
Nuriyyə Hüseynova Torontodan APA-nın Türkiyə bürosuna verdiyi açıqlamada konsertin yüksək səviyyədə təşkil edilməsindən çox razı olduğunu bildirib: “15 gün qabaqdan afişalar şəhərin küçələrinə asılıb, 600 nəfərlik salon tamamilə dolmuşdu. Buradakı çalğıçılarla 2 günlük məşqdən sonra zəngin repertuarımızdakı əsərləri uğurla ifa etdiyimə inanıram. Torontodakı televiziya kanalları konsert barədə xəbərlər verdilər. Cənubi Azərbaycandan olan bacı-qardaşlarımızın göstərdiyi diqqət və hörmət mənim üçün unudulmazdır. İnanıram ki, dünyanın harasında olursa-olsun, bu səpkili mədəniyyət tədbirləri çoxaldıqca Təbriz Bakını daha çox sevəcək, Bakı Urmiyəni daha hərarətlə bağrına basacaq. Parçalanmış vətənimin birləşməsi üçün mədəniyyətimizin vəhdət təşkil etməsi birinci hədəfimiz olmalıdır. Bu yolda üzərimə düşən vəzifəni yerinə yetirməkdən özümü həmişə xoşbəxt hiss edəcəyəm”.
Torontoda dərc olunan “Heydərbaba” qəzeti Nuriyyə Hüseynova ilə müsahibə dərc edib, “Heydərbaba TV” isə onun Torontodakı konserti barədə xüsusi proqram hazırlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR