Ədliyyə Nazirliyində yaradılan Proqramın İdarəetmə Komitəsinin iclası keçirilib

Ədliyyə Nazirliyində yaradılan Proqramın İdarəetmə Komitəsinin iclası keçirilib
# 01 iyun 2012 16:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Avropa Komissiyası ilə əməkdaşlıq qurularaq 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramının icrasına başlanılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə üzrə nəzərdə tutulan tədbirlərin təmin olunması, bu işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə Ədliyyə Nazirliyində yaradılan Proqramın İdarəetmə Komitəsinin iclası keçirilib.

Giriş nitqi ilə tədbiri açan nazir müavini Toğrul Musayev son illər ərzində ədliyyə orqanlarının inkişafına və müasirləşdirilməsinə yönəldilmiş normativ-hüquqi aktların qəbul olunduğunu, ölkəmizdə ilk dəfə olaraq regional ədliyyə şöbələrinin yaradıldığını, Ədliyyə Akademiyasının təsis edildiyini, həmçinin penitensiar sistemin və digər sahələrin inkişafı üzrə genişmiqyaslı islahatların aparıldığını qeyd edib, beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin həyata keçirilən işlərə maraq göstərərək dəstək verdiyini bildirib, birgə Proqramın istiqamətləri üzrə əməli tədbirlərin görüldüyünü vurğulayıb.

İclasda çıxış edən Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Roland Kobia Azərbaycanla tərəfdaşlıq münasibətlərində ədliyyə fəaliyyəti üzrə əməkdaşlığın mühüm yer tutduğunu diqqətə çatdırıb.

İclasda Proqramın icrası ilə bağlı müəyyən olunan şərtlərin yerinə yetirilməsinə və qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılıb, görülən işlər barədə hesabat və məruzələr dinlənilib, təkliflər irəli sürülərək, konkret tapşırıqlar verilib.

Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki missiyasının, habelə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri və ekspertlər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR