Bu gün «Baku Crystal Hall»da «Eurovision 2012» mahnı müsabiqəsində təmsil olunan ölkələrin dublyor məşqi keçirilib

Bu gün «Baku Crystal Hall»da «Eurovision 2012» mahnı müsabiqəsində təmsil olunan ölkələrin dublyor məşqi keçirilib
# 07 may 2012 19:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün "Baku Crystal Hall"da «Eurovision 2012» mahnı müsabiqəsində təmsil olunan ölkələrin dublyor məşqi keçirilib. APA-nın müsabiqənin rəsmi saytı eurovision.az-a istinadən verdiyi xəbərə görə, «Eurovision» mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand "şouya tam hazırıq" deyib: "Bakı «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün tam hazırdır. Biz də, arena da hazırdır. Gəlin və hər şeyi özünüz görün». Y.O. Sand dublyorların iştirakı ilə keçirilən məşqlər barədə təəssüratlarını bölüşdürüb: ““Eurovision”da iştirak edən ifaçıların özləri hazırda Bakıda olmadıqlarından onların dublyorları səhnəyə çıxdı. Bu zaman biz kameralar və işıq effektlərindən istifadə etməklə məşq etdik. Hər şeyi sinxronlaşdırmağa çalışdıq. Məncə, bir neçə gündən sonra nümayəndə heyətləri Bakıya gələndə hər şey mükəmməl olacaq”.
Bu gün ilk məşqləri keçirilən şou aparıcıları haqqında da danışan layihə rəhbəri Eldar, Leyla və Nərgiz haqqında da fikirlərini bildirib: “Bizim şounun 3 çox yaxşı aparıcısı var. Onlar bir-birinə çox uyğundurlar və işə ürəkdən yanaşırlar. Məncə hər şey çox gözəl olacaq. Burada mürəkkəb texniki quraşdırmalar aparılır. İndiyə qədər heç bir texniki problem olmayıb. Biz tam hazırıq”.
Y.O.Sand onu da bildirib ki, ilk dəfədir bu qədər televiziya peşəkarlarını bir arada və məhz Bakıda görür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR