İqor Ponomaryov: “Hər dəfə Bakıya gələndə, məni baş məşqçi təyin edirlər”

İqor Ponomaryov: “Hər dəfə Bakıya gələndə, məni baş məşqçi təyin edirlər”
# 04 aprel 2012 15:12 (UTC +04:00)
Bakı – APA. “Mən AZAL-ın baş məşqçisi təyin olunmamışam. Bakıya səfərim şəxsi işlərimlə bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Uzun illərdir İsveçdə yaşayan 52 yaşlı Olimpiya çempionumuz növbəti dəfə Bakıya gəlib. Elə gəlişi ilə də, AZAL-a baş məşqçi “təyin edilib”. Haqqında yayılan xəbərləri təəccüblə qarşılayan Ponomaryov təyinatının həqiqət olmadığını bildirir: “Mən bura yaxınlarımı, anamı görməyə gəlmişəm. Hər halda, Azərbaycan mənim doğulduğum məkandır və vətənimə baş çəkməyində normal şeydir. Əlbəttə, burda işləmək istərdim və bunu bir neçə dəfə bildirmişəm. Yenidən Azərbaycanda işləmək mənim üçün xoş olardı. Ancaq hazırda belə bir şey yoxdur”.

Ponomaryov ölkəmizdə olduğu müddətdə AZAL-ın baş məşqçisi postunda istefa reallaşdı. Belə ki, Rafiq Mirzəyev “Simurq”la oyunda sonra həftənin əvvəlində köməkçiləri ilə birgə vəzifəsindən getdi.

Ponomaryovun bu müddətdə Bakıda olmağı danışıqlara gəlməyini göz önünə gətirsə də, məşqçi bunun üst-üstə düşməyini sadəcə, təsadüf sayır: “Mənim özümə də belə vəziyyətin yaranmağı xoş deyil. Belə ki, hər dəfə Bakıya gələndə, hansısa baş məşqçini qovub, məni onun yerinə təyin edirlər. Bunadək adım “Abşeron”, “Sumqayıt”da hallandırıldı. Ancaq göründüyü kimi, bu, real olmadı. Mənim AZAL-ın rəhbərliyi ilə danışığım, görüşüb olmayıb. Bura onların dəvəti ilə də gəlməmişəm”.

AZAL da Ponomaryovun təyinatını təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az-a bildirib ki, hazırda əsas komandanın Mais Əzimov çalışdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR