Avropa Parlamentində Azərbaycanla bağlı müzakirə keçirilib - FOTO

Avropa Parlamentində Azərbaycanla bağlı müzakirə keçirilib - <font color=red>FOTO</font>
# 11 may 2012 08:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, “Enerji sahəsində əməkdaşlıq” mövzusuna həsr olunan tədbirdə Avropa Parlamentinin 12 deputatı, eləcə də 40-a yaxın Avropa Parlamenti deputatının ofisini təmsil edən şəxslər və müxtəlif siyasi qrupların məsləhətçiləri iştirak ediblər. Toplantı Brüsseldə fəaliyyət göstərən Azərbaycan Kommunikasiya Ofisinin (OCAZ) təşəbbüsü və Avropa Parlamentinin deputatları - Franko Gaston və Norbert Neuserin ev sahibliyi ilə keçirilib.

Təşəbbüskar parlamentarların giriş sözlərindən sonra Belçika Senatının keçmiş üzvü, Brüssel şəhərinin regional parlamentinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun keçmiş sədri Alain Destexhe qonaqları salamlayıb və bu cür tədbirlərin vacibliyini vurğulayıb. Daha sonra enerji sahəsində ekspertlər Olav Aamlid Syversen və Laura Parmigiani çıxış ediblər.

Ekspertlər vurğulayıblar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından hələ də son dərəcə əhəmiyyətli ölkə olduğunu dəfələrlə sübut edib. Buna görə də Avropa ölkələri enerji mənbəyinin müxtəlifləşdirilməsi üçün Azərbaycanla əməkdaşlığını daha da gücləndirməlidir.

Olav Aamlid Syversenin fikrincə, Azərbaycan indiyədək Avropaya uğurla neft ixrac edib. Bundan sonra isə Azərbaycanın Avropaya qaz ixrac etmək potensialı artıb.

Tədbir debatlarla davam etdirilib. Avropa Parlamentinin deputatı Edith Herszoq «Azərbaycan hələ də Avropanın güclü partnyorudur » ifadəsi ilə qətiyyən razılaşmadığını bildirib və «hələ də» ifadəsinin bu fikri zəiflətdiyini bildirib. Xanım deputat Azərbaycanın Avropanın güclü partnyoru olduğunu və belə də qalacağını qeyd edib. Debatlar zamanı Avropa Parlamentinin deputatı Norbert Neuser, Vytautas Landsbərgis, Roger Helmer çıxış ediblər.

Avropa Parlamentinin deputatı İvo Vajgl Azərbaycanın Avopa Birliyinin yaxın müttəfiqi olduğunu və bu ölkənin inkişafına mane olan amillərin mövcudluğunu söyləyib. Deputat Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın beynəlxalq hüquqla tanınmış 20%-dən çox ərazisini işğal etdiyini və Avropanın bu məsələ ilə bağlı kifayət qədər aktiv olmasının lazım gəldiyini bildirib.

Belçikalı deputat Alain Destexhe Azərbaycana getmək və bu ölkə ilə tanış olmaq üçün saysız səbəb olduğunu deyib və bu ölkəyə səfər etməyi hər kəsə məsləhət gördüyünü qeyd edib.

Tədbirin sonunda çıxış edən Azərbaycan Kommunikasiya Ofisinin direktoru Müslüm Məmmədov qonaqlara Azərbaycana ayırdıqları diqqətə görə təşəkkürünü çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR