Musa Quliyev: “Hazırda Azərbaycanda Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar var, amma onlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar”

Musa Quliyev: “Hazırda Azərbaycanda Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar var, amma onlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar”
# 24 iyul 2012 09:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanunun qəbuluna ehtiyac var. Bu təklifi APA-ya açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev səsləndirib.

Onun sözlərinə görə, sahibkarları xeyriyyəçiliyə cəlb etmək üçün onların fəaliyyəti stimullaşdırlımalıdır: “Azərbaycanda sahibkarlıq inkişaf edir və ölkədə kifayət qədər varlı insanlar var. Bizneslə məşğul olan sahibkarlarımız gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Belə sahibkarların işləri daim təbliğ olunmalı və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilməlidir”.

M. Quliyev deyib ki, sahibkarlar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kasıb tələbələri maliyyələşdirə, ölkədən kənarda müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər: ”Hətta şəhid ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeyriyyəçiliyin qədim tarixi var və hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarda biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərində məscid tikdirir, ya da bir məktəbi təmir etdirilər. Bu işlər barmaqla sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeyriyyəçiliyə cəlb etmək lazımdır”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanun layihəsinin qəbulu üçün Milli Məclisin payız sessiyasında məsələ qaldıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR