ASAİF-in növbəti forumu gələn il Romada keçiriləcək

ASAİF-in növbəti forumu gələn il Romada keçiriləcək
# 06 aprel 2012 17:40 (UTC +04:00)
Budapeşt. APA. Bu gün Budapeşt şəhərində Macarıstan Milli Assambleyasının binasında “Mən gənc səfirəm” ASAİF Forumu keçirilib. APA-nın məlumatına görə, Forum işə ASAİF-in fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. İkigünlük tədbir «Mən ölkəmin gənc səfiriyəm» devizi altında keçirilir.

Forumda çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin müstəqilliyin ilk illərindən xaricə təhsil üçün göndərdiyi tələbələrin fəaliyyətindən danışıb. Budapeştdə keçirilən tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirən səfər deyib ki, Azərbaycanın Macarıstandakı səfirliyi həm macar gənclər təşkilatları ilə, həm də oradakı azərbaycanlı tələbələrlə işləyir. Eyni zamanda Macarıstanın gənclər təşkilatlarının Azərbaycandakı təşkilatlarla əlaqələrinin qurulması və gücləndirilməsi istiqamətində də iş aparır.

Macarıstan Milli Assambleyasının vitse-spikeri İşklan Yakab çıxışında bildirib ki, bir ölkənin başqa bir ölkədə tələbələrinin olması o deməkdir ki, onlar həmin ölkənin adətlərini, ənənələrini öyrənirlər. Bu baxımdan da Azərbaycanın da xaricə tələbə göndərməsi, hər il onları bir yerə toplaması çox önəmlidir. İki ölkə arasındakı münasibətlərdən danışan vitse-spiker deyib ki, Azərbaycan və Macarıstan arasındakı münasibətlər strateji əməkdaşlıq-dostluq münasibətləridir. İki ölkə rəhbərləri arasında ikitərəfli əməkdaşlıq və daimi görüşlər baş tutur. Parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirən İ. Yakab parlamentlərarası dostluq qruplarının da fəaliyyət göstərdiyini qeyd edib. Vitse-spiker ölkələr arasında beynəlxalq səviyyədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, bildirib ki, Macarıstan Şərq Tərəfdaşlığı çərçivəsində və NATO-ya inteqrasiya prosesində Azərbaycana dəstək verir: «Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyirik».

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ASAİF-in fəaliyyətindən, gənclərin gördüyü işlər və dövlət tərəfindən gənclərlə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycanda Gənclər Proqramının qəbul edildiyini, fondun yaradıldığını deyən nazirin sözlərinə görə, bütün bunlar ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir.

ASAİF-in forumlarının xaricdə təhsil alan tələbələrin təşkilatlanması, fikirlərini bölüşməsi sahəsində mühüm addım hesab edən A. Rəhimov ASAİF-in yerli gənclər təşkilatları ilə işləməsinin vacibliyini də qeyd edib.

Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov azərbaycanlıların tarixən xaricdə təhsil alınmağa diqqət göstərdiklərini bildirib. Ölkədə təhsil sahəsində görülən işlər, aparılan islahatlardan danışan M. Mərdanov bildirib ki, Azərbaycanda təhsilə göstərilən diqqətin bir istiqaməti də xaricdə təhsil alan mütəxəssislərin ölkəyə dəvət edilməsi, xaricdə təhsil almağa dövlətin diqqət göstərməsidir. Azərbaycanda gənclərin xaricdə təhsil almaları ilə bağlı xüsusi dövlət proqramının qəbul edildiyini vurğulayan təhsil nazirinin sözlərinə görə, bu, birbaşa dövlət başçısının diqqətindədir.

Nazir deyib ki, Azərbaycan xaricdə iqtisadiyyat, idarəetmə, tibb, informasiya kommunikasiya sahəsində təhsillə bağlı daha çox müraciətlər qəbul edir. Bu il 825 nəfərin xaricə təhsil üçün göndərildiyini deyən nazir təhsil üçün seçilən əsas ölkələr arasında Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və Kanada universitetlərinin olduğunu qeyd edib. İndiyədək Azərbaycanın xaricə göndərdiyi tələbələrdən 300 nəfər təhsilini həmin ölkələrin ali təhsil müəssisələrinin magistratura və doktorantura pilləsində davam etdirir.

Forumda çıxış edən Macarıstanın Milli Ehtiyatlar Nazirliyinin dövlət katibi Mikloş Şoltek iki ölkə arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Macarıstan və Azərbaycanın tarixi kökləri var və coğrafi mövqeləri bir-birlərinə çox bənzəyir. Dövlət katibi Azərbaycanın Şərq və Qərbi birləşdirən bir məkanda, Macarıstanın isə Avropanın Şərq və Qərbini birləşdirən məkanda yerləşdiyini xatırladıb. Macarıstanın mövcud vəziyyəti, sosial və iqtisadi durumu haqda məlumat verən Mikloş Şoltek Azərbaycan gənclərini Macarıstan universitetlərinə diqqət yetirmələrini istəyib.

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov çıxışında keçirilən ASAİF Forumunun perspektivindən danışıb. E. Aslanov bildirib ki, belə forumlar Azərbaycan hökumətinə və dövlətinə gənclərin problemlərini öyrənmək və bu istiqamətdə gələcək perspektivlərlə bağlı müzakirə aparmaq imkanı verir. Azərbaycanın inkişaf istiqamətləri barədə məlumatlar verən E. Aslanov deyib ki, azərbaycanlı tələbələr daim ölkə haqqında məlumatlar verərkən daha çox demokratik ənənələri, 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin varisləri olmaları faktorunu qabartmalıdır: “Bizim dövlətimizin sərhədləri bir vaxtlar Səfəvilər dövlətinin sərhədləri çərçivəsində olub. 70 illik fasilədən sonra Azərbaycan demokratik respublikanın ənənələrini davam etdirir. Bu, bizim son 20 ildə qazandığımız ənənələr deyil”.

E. Aslanov daha sonra deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman dövlət siyasətinin əsas tərkib hissələrindən biri xarici ölkələrə tələbə göndərmək olub: “Demokratik respublikanın qısa müddət sonra süquta uğramasının səbəbləri sırasında kadr çatışmazlığı da olub. O dövrdə xaricə tələbə göndərmək proqramı həyata keçirilməyə başlasa da, dövlətin süqutu ilə əlaqədar bu proqram yarımçıq qalıb”. E. Aslanov 1993-cü ildə prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenə də xaricə tələbə göndərilməsi məsələsinin gündəmə gəldiyini vurğulayıb: “Daha sonra prezident İlham Əliyev bu məsələni dövlət proqramı səviyyəsində qəbul edib. Azərbaycan dövlətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən istəyi budur ki, təhsilə diqqət yetirsinlər. Azərbaycan dövlətinə diplom xətrinə təhsil lazım deyil. Azərbaycana yüksək təhsil almış mütəxəssislər lazımdır”.

Daha sonra forumda çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın xaricdə təhsil alan ilk tələbələrindən olduğunu bildirib: “Azərbaycan ilk illərdə xaricdə təhsil alan tələbələrin toplantısını keçirmək üçün 30-50 tələbə tapa bilmirdi. Bu gün isə belə tələbələrin sayı minlərlədir. Rəsmi Bakı bu prosesi davam etdirmək, ölkə üçün prioritet olan sahələr üzrə mütəxəssislər hazırlamaq üçün xaricə tələbələr göndərməyi davam etdirəcək”.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komissiya sədri Səməd Seyidov da çıxışında forumun əhəmiyyətindən bəhs edib. O bildirib ki, gənclər təhsil aldıqları ölkələrdə xarici dilləri öyrənməli, olduqları ölkənin ictimai-siyasi həyatını bilməli, həmin ölkədə Azərbaycan həqiqətlərini çatdırmağa çalışmalıdırlar.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxışı zaman xaricdə təhsil aldıqdan sonra Vətənə qayıdan tələbələrin işlə təminatı məsələsinə toxunub. Onun sözlərinə görə, təmsil etdiyi komissiya dövlət qulluğuna qəbulla əlaqədar müsabiqələrdə xarici ölkələrdə təhsil almış gənclərə üstünlük verir və bu proses gələcəkdə də davam etdiriləcək.

Daha sonra forumda çıxış edən Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıxov növbəti belə forumun Romada keçirilməsini təklif edib. Təklif səsvermə yolu ilə qəbul olunub və ASAİF-in növbəti forumunun gələn il İtaliya paytaxtında keçirilməsi qərara alınıb.

Qeyd edək forum sabah işini müxtəlif mövzulara həsr olunmuş panellər üzrə davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR