Goranboyda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib

Goranboyda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib
# 25 may 2012 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Goranboyda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb. Bildirib ki, bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir: «İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdır. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidir».

Dövlət Xidməti tərəfindən ötən il sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanıb. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin yanvar-aprel aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 26 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 1000-ə yaxın yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-aprel ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 18,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 610,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 36,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR