Erməni deputat Azərbaycanın təhsil nazirinə sualla müraciət edib

Erməni deputat Azərbaycanın təhsil nazirinə sualla müraciət edib
# 02 aprel 2012 13:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında iştirak edən erməni deputat Aram Safaryan iclasa qatılan Azərbaycanın təhsil naziri Misir Mərdanova sualla müraciət edib. APA-nın məlumatına görə, erməni deputat aşağıdakıları söyləyib: “Doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Biz belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşı qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Hesab edirəm ki, bu, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər”.

M. Mərdanov isə bu kimi məsələləri bu cür tədbirlərdə və ya qısa bir zamanda həll etməyin mümkünsüz olduğunu bildirib: “Bu məsələni əslində mütəxəssislər bir araya gəlib müvafiq araşdırma aparıb həll etməlidirlər. Mən deyə bilmərəm və bu doğru da olmaz ki, bizdə Ermənistana və ermənilərə dost münasibət olsun. Təsəvvür edin, Qarabağ münaqişəsi nəticəsində bir ailə tamamilə məhv olub və onun cəmi bircə üzvü qalıb. Ailənin həmin üzvü necə Ermənistana və ermənilərə dost münasibət göstərsin? Cəmiyyətlərimiz arasında çox ciddi uçurum var. Bugünkü tədbir də məhz bu uçurumu aradan qaldırmaq yolunda bir addımdır. Mən bilmirəm sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb. Odur ki, bu məsələyə bir günün içində və ya bir tədbir çərçivəsində çətin ki, cavab tapmaq mümkün olsun. Bu cür məsələlər mütəxəssislər arasında çox ciddi araşdırmalar tələb edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR