Səhmdar cəmiyyətlərində korporativ idarəetməyə həsr olunmuş Bakı-Lənkəran video-konfransı keçirilib

Səhmdar cəmiyyətlərində korporativ idarəetməyə həsr olunmuş Bakı-Lənkəran video-konfransı keçirilib
# 06 noyabr 2012 13:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və «Paşa Bank» ASC-nin dəstəyi ilə «Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılması» mövzusunda regional video-konfrans keçirilib.

APA-nın Cənub bürosunun xəbərinə görə, QKDK, «Paşa Bank» və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və Yardımlı rayonlarının səhmdar cəmiyyətlərinin rəhbərlərinin və KİV əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan QKDK-nin Aparat rəhbəri Bəxtiyar Əzizov ölkənin qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meylləri barədə ətraflı məlumat verib.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov rayonda yerli sahibkarların fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb.

Telekommunikasiya vasitələrinin imkanlarından istifadə edilməklə Bakıdan konfransa qatılan QKDK-nin sədr müavini İlqar Muradov tədbirin «2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində böyük rol oynayacağına əmin olduğunu bildirərək, komitə əməkdaşları ilə səhmdar cəmiyyətləri rəhbərlərinin birbaşa yerlərdə görüş keçirməsinin regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin tətbiqi, maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının effektiv qorunmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Tədbirdə həmçinin QKDK-nin şöbə müdirləri Elnur Allahverdiyev, Fərid Rəhimov, Aqşin Cahangirov, hüquqşünas Kamran Hüseynov, mətbuat sektorunun müdiri Çingiz Hüseynov, «Paşa Bank»ın nümayəndəsi Kəmalə Elitaşın mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonra səhmdar cəmiyyətləri sədrlərini maraqlandıran ayrı-ayrı suallar cavablandırılıb.

Sonda Lənkəran şəhər Mərkəzi Kitabxanası və Lənkəran Dövlət Universitetinin nümayəndələrinə komitə tərəfindən nəşr olunmuş «Fond birjasında investisiya», «Maliyyə bazarları terminlərinin izahlı lüğəti» və «Kapital bazarları və biznes imkanları» kitabları hədiyyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR