Külli miqdarda vergidən yayınan sahibkarlar barəsində cinayət işi açılıb

Külli miqdarda vergidən yayınan sahibkarlar barəsində cinayət işi açılıb
# 05 iyun 2012 08:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin may ayında 25 cinayət işi başlanıb ki, onlardan da 7-si külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 3 saylı Ərazi vergilər idarəsində (ƏVİ) qeydiyyatda olan, Qasımov Əhliman Qasım oğlunun direktoru olduğu «Elmar» və «Cəlil» MMC-lər birlikdə 103 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməkdən yayındırıblar.

Departamentin İstintaq İdarəsində və Təhqiqat şöbəsində aparılan araşdırma zamanı sahibkar Ağayev Akif Əvəz oğlunun eyni zamanda bir neçə müəssisəyə rəhbərlik edərək vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlir və xərclər barədə qəsdən təhrif olunmuş məlumatlar daxil etdiyi, 8 saylı ƏVİ-də qeydiyyatda olan direktoru olduğu “Araz-İnşaat” MMC 364 238,6 manat, 3 saylı ƏVİ-də qeydiyyatda olan “Qlobal-S” MMC isə 74 796,8 manat məbləğində vəsaiti büdcədən yayındırdığı aşkar edilib.

Departament tərəfindən aparılmış digər araşdırmalarla 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyiciləri kimi qeydiyyatda olan “Olimp” MTK-da 231 min 578,5 manat məbləğində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, «Aznavi» MMC-də isə 118 min 979,7 manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsindən yayındırıldığı müəyyən olunub. Bundan əlavə, “Saf Təchizatçı” MMC və “Təmir Tikinti Servis-S” MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkarlanıb.

Vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR