Gəncə Avtomobil Zavodunda ötən il 1,9 min avtotexnika istehsal olunub

Gəncə Avtomobil Zavodunda ötən il 1,9 min avtotexnika istehsal olunub
# 13 mart 2012 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Gəncə Avtomobil Zavodunda (GəncAZ) 1 884 ədəd müxtəlif təyinatlı avtotexnika istehsal olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2011-ci ildə zavodda 593 ədəd «Belarus» traktoru, 490 ədəd kotan, 703 ədəd «MAZ» markalı yük avtomobili, 22 ədəd traktor qoşqusu, 52 ədəd «MAZ» qoşqusu istehsal olunub. Bununla yanaşı, Almaniyanın «Haller» şirkəti və Minsk Avtomobil Zavodu ilə bağlanmış üçtərəfli müqaviləyə əsasən, «MAZ» avtomobillərinin bazasında 16, 21 və 22 kubmetr yükgötürmə qabiliyyətinə malik məişət tullantıları daşıyan 24 ədəd xüsusi avtotexnika istehsal edilib. Bu da əsasən 2010-cu ildəki istehsal səviyyəsindədir.

Qeyd edək ki, GəncAZ 2004-cü ilin sonundan fəaliyyət göstərir. Hazırda müəssisədə 500 nəfərdən artıq işçi çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR