Şamaxıda üzümçülüyün inkişafına güzəştli kreditlər verilib

Şamaxıda üzümçülüyün inkişafına güzəştli kreditlər verilib
# 10 avqust 2012 15:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Şamaxı rayonunun Sabir qəsəbəsində tədbir keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak edib.
Tədbir çərçivəsində Şamaxı rayonunun, o cümlədən Sabir qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, soyuducu anbar kompleksinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxışlarında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat veriblər.
Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1 610 sahibkara 147 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: «Son illər ərzində Dağlıq Şirvan iqtisadi rayonu üzrə 740 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 24 mln. manatadək, o cümlədən müasir texnologiyalara əsaslanan 9 layihənin maliyyələşdirilməsinə 6 mln. manatdan çox güzəştli kredit verilib. Bu müəssisələrdən 5-i istifadəyə verilib, 4 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur».
Ş.Abdullayev həmçinin qeyd edib ki, «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi istiqamətində SKMF tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq, Fond vasitəsilə 18 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 7,5 mln. manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 52 sahibkarlıq subyektinə 2,6 mln. manatadək güzəştli kredit verilib ki, bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR