Bakıda Ukrayna təhsil sisteminin təqdimatı keçirilib - FOTO

Bakıda Ukrayna təhsil sisteminin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 24 sentyabr 2012 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi çərçivəsində «Ukraynanın təhsil sistemi»nin təqdimatı keçirilib. Təqdimatın təşkilatçıları tərəfindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə abituriyentlər, tələbələr, yuxarı sinif şagirdləri, valideynlər və əlavə ixtisas əldə etmək istəyən gənclər iştirak ediblər.

Təqdimatda Ukraynada ali təhsil almaq üçün ali təhsil sistemi, Ukrayna diplomlarının başqa ölkələrdə tanınması, ən güclü elmi məktəblər və ali təhsil müəssisələri, təhsil sistemində innovasiyalar, Ukrayna diplomuna malik olan mütəxəssislərin əmək bazarında rəqabət qabiliyyəti, xarici tələbələrin Ukraynaya daxil olma və təhsil aldıqları müddət ərzində orada yaşama şərtləri kimi mövzulara toxunulub.

Təqdimatı Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyi Ukrayna beynəlxalq təhsilinin Ukrayna Dövlət Mərkəzinin direktoru Vasili Şik və həmin Mərkəzin Azərbaycan, Türkiyə və İranda təmsilçisi olan Aydın Novruzov keçiriblər.

Təqdimat zamanı qeyd olunub ki, Azərbaycan vətəndaşları Ukraynaya 90 gün ərzində qeydiyyatsız daxil olmaq hüququna malikdir. Abituriyent müsahibədən keçdikdən sonra ali təhsil müəssisəsi onun üçün müvəqqəti yaşayış hüququnu rəsmiləşdirir.

Tədbirdə həmçinin Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin «İnformasiya – imic mərkəzi» dövlət müəssisəsinin direktoru Viktoriya Sergiyenko hazırda Ukraynanın xarici tələbələri təhsil üçün fəal cəlb etməsindən danışıb və qeyd edib ki, Ukrayna vətəndaşlarının 90%-dən çoxu orta və ali təhsilə malikdir: «Ukrayna, təhsil alan xarici tələbələrin sayına görə ölkələrin ilk onluğuna daxildir. Ukrayna irqlərarası, etnik və dini münaqişələrin olmadığı tolerant bir ölkədir. Ukraynada təhsil və yaşamaq Avropaya nisbətən daha ucuzdur və bir çox ölkələrə nisbətən daha təhlükəsizdir. Mütəxəssislərin səviyyəsi isə Avropa İttifaqında və Şimali Amerikada olduğu kimidir. Xarici tələbələr dövlət diplomlarını iki dildə alırlar və bu diplomlar bütün dünyada tanınır».

Tədbirdə çıxış edən Karazin adına Xarkov Milli Universiteti Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Stanislav İqnatyev Ukraynanın təhsil sistemində innovasiyalardan danışıb və bildirib ki, Ukraynanın Boloniya sisteminə qoşulması ali təhsilin səviyyəsini yüksəltməklə yanaşı, həm də Ukrayna universitetlərinin məzunlarına Avropada işə düzəlmək imkanları açıb.

Təqdimatda həmçinin Karazin adına Xarkov Milli Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru Zarif Nazirov və Xarkov Milli Radioelektronika Universitetinin xarici tələbələrin təhsili fakültəsinin dekanı Murad Ömərov çıxış ediblər.

Qeyd edək ki, Ukraynada təhsil haqqında ətraflı məlumatı http://see-you.in.ua/ saytında əldə etmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR