Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat kredit verilib
# 30 mart 2012 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Bakının Bülbülə qəsəbəsində keçirib.

APA_Economics”in xəbərinə görə, tədbirdən əvvəl fondun güzəştli krediti hesabına maliyyələşdirilmiş “Hövsan Quşçuluq” MMC-nin illik istehsal gücü 3000 ton quş əti və 18 mln. ədəd əmtəəlik yumurta olan müasir quşçuluq təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Daha sonra sahibkarlarla keçirilən görüşdə SKMF-in icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, 2011 və 2012-ci ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 258 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin maliyyələşdirilməsinə 40,4 mln. manat güzəştli kredit verilib. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən illik istehsal gücü 10,7 min ton faraş tərəvəz məhsulları, 9,8 mln. ədəd dekorativ bitkilər olan 3 müasir istixana təsərrüfatı, illik istehsal gücü 46,1 min ton çörək olan iki müasir çörək istehsalı müəssisəsi və illik istehsal gücü 2,6 min dəst mebel olan mebel fabriki artıq istifadəyə verilib.

Bu ilin əvvəlindən ötən dövr ərzində ölkə üzrə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 502 investisiya layihəsinin maliyyələşdirilməsinə 49,5 mln. manat, o cümlədən respublikanın regionları üzrə 455 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 mln. manat və Bakı qəsəbələri üzrə 47 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,5 mln. manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 2183 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR