Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
# 18 sentyabr 2012 08:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib. Nazirin sözlərinə görə, Milli Musiqi Günü münasibətilə bu gün Bakıda IV Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. On gün davam edəcək festivalda iştirak məqsədilə dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər Azərbaycana gələcəklər.

“Festival çərçivəsində möhtəşəm konsertlər keçirilməsi planlaşdırılır. Bundan başqa Milli Musiqi Günü münasibətilə bölgələrdə və xarici ölkələrdə silsilə tədbirlər keçiriləcək. 18 sentyabr Azərbaycan musiqisinin əvəzedilməz simaları olan Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və maestro Niyazinin doğum günüdür. Bu gün onların ruhunu bir daha yad edirik”.

Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 2012-ci ilin ittifaq üçün önəmli il olduğunu deyib. Bu il Bəstəkarlar İttifaqının qurultayının keçiriləcəyini deyən sədr hazırda qurultaya hazırlıq işlərinin davam etdiyini vurğulayıb. Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisi qarşısında xidmətlərindən danışıb, bu işin hazırda layiqincə davam etdirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Dövlət Xor Kapellası Üzeyir Hacıbəylinin məzarı üzərində dahi bəstəkarın “Şəbi-hicran” kompozisiyasını ifa edib. İştirakçılar həmçinin Fəxri Xiyabanda dəfn olunmuş görkəmli musiqiçilərin – Rəşid Behbudov, Müslüm Maqomayev, Qara Qarayev və Tofiq Quliyevin məzarlarını ziyarət ediblər. Daha sonra Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarları ziyarət olunub.

Mərasim İncəsənət Muzeyinin həyətində davam etdirilib. İştirakçılar Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün muzeyin həyətində qoyulmuş güllələnmiş heykəllərini ziyarət ediblər. Nazir Əbülfəs Qarayev bu heykəllərin yenidən Şuşaya qayıdacağı günün uzaqda olmadığına ümidvar olduğunu deyib: “Bu güllələnmiş heykəllər ermənilərin vandalizm siyasətinin sübutudur. İnşallah, bu heykəlləri yenidən Şuşada görəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR